BAKI, 3 mart — Sputnik. Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı" adlı solo konsertinin tarixini dəyişdirib.
Sputnik Azərbaycan xəbər verir ki, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib. "Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik", - deyə Röya Ayxan bildirib. Xalq artisti solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini söyləyib.
Qeyd edək ki, mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.