BAKI, 3 mart — Sputnik. Ermənistan hökuməti İranda koronavirusun yayılması ilə əlaqədar olaraq qonşu ölkə ilə yerüstü əlaqələrə qoyduğu məhdudiyyətləri iki həftə uzatmağa qərar verib. Sputnik Ermənistan xəbər verib ki, bu barədə çərşənbə axşamı Ermənistanın Səhiyyə naziri Arsen Torosyan "Facebook" səhifəsində canlı yayımda bildirib.
Ermənistan İranla yerüstü əlaqələri fevralın 24-də bağlayıb, həmçinin "COVID-19" xəstəliyinin yayılması ilə əlaqədar olaraq İranla hava əlaqəsini qismən məhdudlaşdırıb.
"İranda koronavirusun yayılmasını nəzərə alaraq, məhdudiyyətlərin daha iki həftə, yəni martın 24-dək uzadılmasına qərar verilib", – Torosyan bildirib.
Onun sözlərinə görə, qərar Ermənistanın Baş naziri Nikol Paşinyanla martın 2-də keçirilmiş müşavirənin yekunlarına əsasən qəbul edilib. Nazir bildirib ki, qərar martın 4-də qüvvəyə minəcək.
Martın 1-də Ermənistanda koronavirusa ilk təsdiqlənmiş yoluxma faktı qeydə alınıb. Virus İrandan gəlmiş 29 yaşlı Ermənistan vətəndaşında aşkarlanıb. Onun həyat yoldaşında xəstəlik aşkar edilməyib. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmuş şəxsdə, demək olar ki, xəstəliyin əlamətləri yoxdur və o, heç bir müalicə almır. Hazırda koronavirus səbəbindən Ermənistanda 32 nəfər təcrid olunub.
Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da qeydə alınıb. Ölkədə koronavirusa yoluxmuşların sayı artıq 1501-ə, qurbanların sayı isə 66-ya çatıb.