Bizim üçün Novruz heç vaxt yalnız bayram axşamı olmayıb. Biz Novruza bir ay qabaq hazırlaşırıq və təbiətin hər 4 ünsürünün oyanışını bir-bir qeyd edirik. Sanki qışın soyuğunu, bədbinliyini və durğunluğunu özümüzdən lay-lay atırıq.
Bu gün də Azərbaycanımız Od çərşənbəsini qeyd edir. Bu gündə ənənəvi olaraq tonqallar qalanır, “Ağırlığım, azarım-bezarım oda” deyərək, üstündən atlayırlar ki, bütün xəstəliklər və ağrılar odda yansın.
Qeyd edək ki, növbəti bayram çərşənbəsi olan Yel çərşənbəsi martın 10-u, Novruzun ilaxır Torpaq çərşənbəsi isə martın 17-si qeyd ediləcək. Bu il astronomik yaz ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək.