BAKI, 2 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyindən (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.
BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".
BNA-dan bildirilir ki, yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib: "Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik".