Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Ötən gün paytaxtda müşahidə edilən güclü külək paytaxtda problemlərə səbəb olub. Belə ki, güclü külək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 275 saylı məktəbin damının uçmasına səbəb olub. Xoşbəxtlikdən, dərs günü olmadığından xəsarət alan olmayıb.
Bu ilk belə hadisə deyil. Belə ki, bir neçə həftə öncə də bənzər hadisə Qubada məktəblərin birində baş vermişdi. Güclü külək Haput kəndinin qəzalı vəziyyətdə olan ibtidai məktəbinin dam örtüyü ilə yanaşı, təhsil ocağının divarlarını da sıradan çıxarmışdı. Sinif otaqlarının üstü tamamilə dağıldığından məktəbdə dərslər dayandırılıb.
Mediada yayılan digər məlumata görə, fevralın 24-də Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin idman zalının və peşə məktəbinin dam örtükləri tamamilə, Poladlı kənd tam orta, Avşar kənd 3 nömrəli ümumi orta məktəblərinin, Hacıbədəlli, Qaraxanlı kənd körpələr evi-uşaq bağçalarının dam örtüklərinin bir hissəsi, həmçinin vətəndaşlara məxsus 3 yaşayış evinin, 7 yardımçı binanın dam örtüyü, Qaravəlli kəndində 50 metr hasar uçub.
Necə olub ki, baş verən bu hadisələrdə təhlükəsizlik tələbləri gözlənilməyib, yaxud da öncədən vəziyyətə nəzarət olunmayıb? Bununla bağlı Bakı Şəhər Baş Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, suallarımıza yalnız soğru şəklində cavab veriləcəyi bildirildi.
Mövzu ilə əlaqədar olaraq Sputnik Azərbaycan-a danışan təhsil eksperti Elşən Qafarov öncədən vəziyyətinin öyrənilməsinin vacibliyindən danışıb: "Təhsil Nazirliyinin bu işlə məşğul olan xüsusi şöbəsi var. Hər hansı məktəb tikilərkən, yaxud da təmir olunarkən Təhsil Nazirliyi bu işi həyata keçirən şirkətdən onu təhvil alır. Hər bir tikilən məktəbin həmin ərazidəki iqlimi də nəzərə alınmalıdır".
"Bakı küləklər şəhəri olduğu üçün burada 4-5 balda külək, qasırğa ola bilər. Öncədən məktəbin damının küləyə davamlılığının olub-olmaması öyrənilməlidir. Tikinti bu göstəricilərə cavab verməzsə, o zaman o, təhvil alınmamalıdır", - deyə o əlavə edib.
Ekspert vurğulayıb ki, ötən gün baş verən hadisə bədbəxt sonluqla nəticələnərdisə, bu zaman təbii ki, araşdırılma başlayacaq və cinayət işi aparılacaqdı: "Xüsusən də belə hadisə dərs müddətində, tənəffüs zamanı baş verərsə, bundan başqa, növbələrin dəyişəcəyi bir vaxtda baş verərsə, bu zaman böyük itkilər ola bilər".
Bakı Şəhər Baş Təhsil İdarəsindən sorğumuza ümumi cavab verdilər. Cavabda bildirildi ki, "hər il payız-qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş monitorinqlər, həmçinin əldə edilmiş məlumatlar əsasında paytaxtda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin dam örtüyündə aşkarlanmış nöqsanlarla bağlı müvafiq siyahı tərtib olunaraq aidiyyəti qurumlara göndərilir.
Təqdim edilmiş siyahıda olan məktəblərdə, eyni zamanda güclü küləklərin təsirindən dam örtüyündə sonradan çatışmazlıqlar yaranmış təhsil müəssisələrində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə təmir, bərpa və gücləndirmə işləri aparılır".
Hüquqşünaslar isə bildirir ki, belə bir hadisə bədbəxt sonluqla nəticələnərdisə, o zaman tikinti şirkəti buna görə məsuliyyətə cəlb olunmalı idi.