BAKI, 29 fevral — Sputnik. Kreml Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü üzərində işləyir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
Onun sözlərinə görə, ölkə başçılarının görüşü 5 və ya 6 mart tarixlərində keçiriləcək.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Tərəflər Suriyanın İdlib vilayətində gərginliyin artmasına görə narahatlıqlarını ifadə ediblər.
Qeyd olunur ki, telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
"Rusiya və Türkiyə Müdafiə Nazirlikləri kanalları ilə koordinasiyanın effektivliyinin artırılmasının önəmi vurğulanıb", - deyə Kremlin məlumatında bildirilib.
Xatırladaq ki, ötən gün Suriya rejimi tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.