İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.
Bu qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. Qaydaya əsasən, indiyə qədər müfəssəl planda tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər, mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər və ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər xüsusi qeyd olunmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planda həm də strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi xüsusi qeyd olunmalıdır.
Dövlət Komitəsi fırıldaqdan danışdı – Mənzil almaq üçün süni boşanmalar var
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti "Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nı hələ ötən il təsdiqləyib. Belə ki, qaydalara görə, bu nəzarətin əsas məqsədi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılmasıdır.
"Strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir. SEQ sahəsində dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək", – deyən Fərzəliyev vurğulayıb ki, SEQ sahəsində yoxlamalar 3-10 iş günü müddətində həyata keçirilir.
Ekspert həmçinin qeyd edib ki, bu qaydalar icra edilməyə başladığı gündən etibarən daha heç kim istədiyi, aldığı ərazidə tikinti apara bilməyəcək. Yəni hər bir ərazi qiymətləndiriləcək.
"Məsələn, daha sürüşmə zonalarında heç kim obyekt və ya ev tikə bilməyəcək. Eyni zamanda artıq mövcud olan obyektlərin də ƏMTQ (ətraf mühitə təsir qiymətləndirilməsi) və SEQ (strateji ekoloji təsiri ) müəyyən ediləcək, müvafiq tədbirlər görüləcək", – deyə ekspert vurğulayıb.