Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. "Təqribən martın ilk həftəsi yekunlaşdıqdan sonra ov mövsümü bitir. Bu isə o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq. Ona görə də, vətəndaşlar, ovçular həmin tarixdən etibarən təbiətə ov məqsədilə getməyin qadağan olunduğunu bilməlidir. Bu isə müəyyən hüquqi nəticələr doğura bilər". Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib. O bildirib ki, növbəti ov mövsümünün mayın sonu, iyunun əvvəlində başlanılması gözlənilir: "Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub.
Ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır. Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Bunun da səbəbi müraciətlərin çox olması olması ilə bağlıdır. Müraciətlər əsasən orta yaş nümayəndələri tərəfindən olur", - deyə o əlavə edib.
H.Əlizadə statistik göstəricilərə əsasən nəticələri də açıqlayıb: "Bizdə olan statistika göstərir ki, gənclər ova meyl etmirlər. Bu sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".
H.Əlizadə vurğulayıb ki, az sayda da olsa, qadınlar arasında da ov biletlərinin alınmasına maraq var: "Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa, ovçu qadınlarımız var".