Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya baş tutan sonuncu səfəri qısa müddətlik olsa da, olduqca məhsuldar, səmərəli oldu.
Belə ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclası keçirildi. İclas zamanı görülmüş işlər dəyərləndirildi, eləcə də gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı dövlət başçıları fikir mübadiləsi apardılar. Səfər çərçivəsində bir sıra sənədlər imzalansa da, onlar arasında ən önəmlisi preferensial güzəştli ticarət anlaşmasıdır. Bu, Türkiyə ilə Azərbaycan arasında ticarətin həcminin artırılması üçün çox əhəmiyyətli bir sənəddir.
Sputnik Azərbaycan Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfərin əhəmiyyəti barədə hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin şöbə müdiri, beşinci çağırış Milli Məclisin deputatı, parlament seçkilərində lider namizəd Aydın Mirzəzadə və Azərbaycanın sabiq maliyyə naziri, professor Fikrət Yusifovla həmsöhbət olub.
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər iki qonşu dövlət arasında olan münasibətlərdən daha çox, iki qardaş dövlətlər arasında olan münasibətlər səviyyəsindədir: "Ölkələr arasında olduqca sıx, siyasi, iqtisadi və diplomatik münasibətlər mövcuddur. Ölkələr beynəlxalq aləmdə birlikdə fəaliyyət göstərməyə üstünlük verirlər. Azərbaycan və Türkiyə bir-birilərinin problemlərinin həllinə köməklik edirlər".
O vurğulayıb ki, ötən gün Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş həm münasibətlərin indiki vəziyyətini analiz etməyə, həm də perspektiv planları müəyyənləşdirməyə kömək edir:
"Görüş zamanı imzalanan sazişlər, sənədlər iki ölkə arasında əlaqələrin sonrakı inkişafı üçün bünövrə rolu oynayır. Danışıqlar zamanı regionda baş verən hadisələr, proseslər barədə geniş fikir mübadiləsinin aparılması, bu proseslərə birgə mövqeyin formalaşması, danışıqların əsas nəticəsi hesab oluna bilər. Bu səfər iki ölkənin bir-birinə sıx şəkildə bağlı olduğunu həm hər iki ölkənin cəmiyyətinə, həm də dünyaya nümayiş etdirdi".
YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Türkiyənin dost-qardaş olmaqdan başqa alternativ münasibətlər yolu yoxdur: "Bu bizim eyni kökə, eyni düşüncəyə malik olmağımızla bağlı məsələdir. Düşünürəm ki, hər iki ölkə ətrafında nələrin baş verməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədə həmişə olacaq. Regionda və dünyada birliyimizi daima ortaya qoya biləcəyik".
Sabiq maliyyə naziri Fikrət Yusifov isə xatırladıb ki, Azərbaycanla Türkiyə arasında bütün səviyyələrdən olan əlaqələr davamlı genişlənir: "Münasibətlərin bu şəkildə dərinləşməsi hər iki ölkənin maraqlarına cavab verir. Türkiyə bizə sadəcə dost ölkə deyil. Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlət qədər bir-birimizə yaxın olan qardaş ölkələrik. Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemini səmimi olaraq çözən və onun həllinə bütün varlığı ilə çalışan yeganə ölkə də Türkiyədir".
Professor qeyd edib ki, iki ölkə arasında bu qədər yaxınlıq özünü getdikcə genişlənən iqtisadi əlaqələrdə də göstərir: "Müstəqillik illərində Azərbaycan ən çox xarici sərmayəni məhz Türkiyəyə yatırıb. Türkiyədən olan investorlar da öz növbəsində Azərbaycanın müxtəlif bölgələrində kifayət qədər ciddi yatırımlar ediblər.
Hər iki tərəfin bu yöndəki addımları günü-gündən daha da genişlənir. Türkiyə bu gün Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması üçün etibarlı bir məkana çevrilib. Bütövlükdə biz bu qardaşlıq münasibətlərindən həm iqtisadi və həm də siyasi gücümüzün artması üçün istifadə edirik və heç şübhəsiz, Azərbaycan hökuməti bundan sonra da bu istiqamətdə səylərini daha da artıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzanması isə erməni təcavüzü nəticəsində artıq illərdir blokada həyatı yaşayan Naxçıvanın bu durumdan əsaslı şəkildə çıxması üçün bir imkan yaradacaq".