BAKI, 26 fevral — Sputnik. Rusiya Birləşmiş Millətlər Təşkilatından (BMT) ABŞ-ın mütəmadi olaraq xarici diplomatlara viza verməməsi ilə bağlı vəziyyətin həlli üçün arbitraj prosedurunu keçirməyi xahiş edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti-yə diplomatik mənbə verib.
Çərşənbə axşamı təşkilata ev sahibliyi edən ölkə ilə əlaqələr üzrə komitənin iclası keçirilib. İclas zamanı Rusiya tərəfi bu mövzunu yenidən qaldırıb.
"Rusiya və BMT-yə üzv olan bir sıra digər ölkələr məsələnin sadəcə arbitraja verilməsini deyil... həm də yaranmış vəziyyəti həll etmək üçün onu işə salmağı tələb ediblər", – mənbə deyib.
BMT-nin nümayəndəsi bu məlumatı Baş katib Antoniu Quterreşə təqdim edəcəyinə söz verib.
Mənbənin sözlərinə görə, Rusiyanın mövqeyini Çin, İran, Suriya, Kuba, Belarus və Nikaraqua müdafiə edib. "Baş katibin müvafiq qərar qəbul edərək arbitraj prosedurunu işə salmasını gözləyirik", — agentliyin həmsöhbəti əlavə edib.
Vizaların verilməsi ilə bağlı problemlər
BMT Baş Assambleyası dekabrda qəbul etdiyi qətnamədə Birləşmiş Ştatları BMT-nin tədbirlərində iştirak etmək üçün gələn nümayəndələrə giriş vizalarını operativ şəkildə verməyə çağırıb. Sənəddə qeyd edilir ki, vizaların verilməsi ilə bağlı problemlər ağlabatan və qısa bir müddətdə həll olunmasa, "Mərkəzi İdarələr Haqqında Razılaşmanın 21-ci bölməsində nəzərdə tutulmuş tədbirlərin görülməsi imkanı ciddi şəkildə nəzərdən keçiriləcək". Söhbət BMT və ABŞ arasında mübahisələrin arbitraj yolu ilə həllindən gedir.
ABŞ ərazisində beynəlxalq tədbirlərdə iştirak etmək üçün rusiyalılara vizaların verilməsi ilə bağlı problemlər 2014-cü ildə ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsindən sonra mütəmadi olaraq yaranmağa başlayıb. Belə ki, 2015-ci ildə Birləşmiş Ştatlar Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkoya məhdudiyyətli viza verib. Buna görə də o, Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlament rəhbərlərinin ümumdünya konfransında iştirakı üçün nəzərdə tutulmuş səfərini ləğv etməli olub.
2017-ci ildə ABŞ-dakı səfirliklərə, baş konsulluqlara və BMT yanında daimi nümayəndəliyə ezam olunmuş rusiyalı diplomatlar problemlərlə üzləşiblər. Bundan sonra BMT-nin Nyu-Yorkdakı Katibliyinə göndərilən rusiyalı nümayəndələr də "zərbə altında" qalıblar. 2019-cu ildə BMT Baş Assambleyasının plenar iclaslarında və onun ayrı-ayrı komitələrinin işində iştirak etməli olanların bir çoxuna giriş icazələri verilməyib.