BAKI, 26 fevral — Sputnik. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.
Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib: "Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik".