BAKI, 26 fevral — Sputnik. Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edilməlidir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Zaur Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.
Əldə etdiyimiz məlumata görə, Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.