Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 25 fevral - Sputnik. Fevralın 25-də saat 11 radələrində güclənən külək Qarabağ bölgəsində də həyacanlı anların yaşanmasına səbəb olub. Tərtər rayon sakini Rövşən Məmmədovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, rayonun Rafiq Nuriyev adına 6 saylı məktəbinin dam örtüyünü külək aşırıb.
Rövşən Məmmədov əlavə edib ki, şəhərin mərkəzində çinar ağacını da külək aşırıb.
Kəlbəcər rayon sakini Əhliyyət Allahverdiyev də Tərtər rayonunun Şıxarx ərazisində qoyun otaran zaman çətin vəziyyətlə üzləşməli olub. Küləyin havaya sovurduğu qum onun gözlərinə dolub. Görmək qabiliyyətini müvəqqəti itirən Allahverdiyev 5 saat ərzində olduğu yerdə köməksiz vəziyyətdə qalıb. Köməyə gələnlər onu Bərdə Mərkəzi Xəstəxanasına gətiriblər. Zərərçəkmişin gözləri yuyulmaqla təmizlənib.
Əhliyyət Allahverdiyevin bildirdiyinə görə, itirdiyi qoyunlar İlqar adlı şəxs tərəfindən tapılıb.
Güclü külək Bərdədə də iri gövdəli ağacların aşmasına səbəb olub. Gün ərzində rayon ərazisində işıqlar sönüb. Gecə saatlarında Bərdə şəhərində işıqların verilməsi bərpa olunsa da kəndlər işıqsız qalıb. Bərdənin Mehdili Ərazi Dairəsi üzrə Qaradəmirçi, Xanağalı kəndlərində, Mustafaağalı və başqa ərazilərdə elektrik naqillərinin qırılıb,tökülməsi səbəbindən enerjinin verilməsi mümkün olmayıb.