BAKI, 24 fevral — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi davam etdirilir.
Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadla xəbər verir ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton çəpərlərin, beton bordyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir, əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Layihədə tikinti işləri 4 lot üzrə aparılır: 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci, 2-ci və 3-cü lotlar üzrə aparılır.
Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, 60 kilometr məsafədən daşınaraq daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.
Ümumilikdə, LOT 1 üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yol üzrə yararsız materialın qazılması və dolğu işləri bitib, yol boyu hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilibdir. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri, demək olar ki, tamamlanıb.
Layihənin 2-ci lotu üzrə hazırda işlər paralel olaraq aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 %, tunellərin tikintisi üzrə 98 % işlər yekunlaşdırılıb.
Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir.
Layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulmuşdur.
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 km-lik hissəsində yeni istiqamət üzrə 16 km qısa olmaqla, 58 km uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri tamamlanmaq üzrədir.
Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 km təşkil edəcək.
Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Qeyd edək ki, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsinin maliyyələşməsi Azərbaycan Hökumətinin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. 07 dekabr 2017-ci il tarixində layihənin tikintisi ilə bağlı təməl qoyma mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməl qoyma mərasimində işlərin sürətləndirilməsi barədə şifahi tapşırıqlarını verib. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 fevral 3692 nömrəli Sərəncamı ilə islahatlarla bağlı xərclər hesabına yolun tikintisinə müvafiq vəsait ayrılıb.