BAKI, 24 fevral — Sputnik. Nizami rayonunda qara bazarda dəyəri 22000 manatdan çox olan 5 kiloqramdan artıq tiryək satmaq istəyən şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs, Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən polislər tərəfindən tutulub. Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.
Əməliyyat tədbirlərinin davamı olaraq P.Qurbanovun idarə etdiyi "Jeep" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən əlavə 5 kiloqram 46,085 qram tiryək aşkar edilərək götürülüb. P.Qurbanov narkotik vasitəni bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs tiryəkin hər kiloqramını "qara bazarda" 4500 manata satmaq istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. P.Qurbanov barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.