Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Təhsil naziri Ceyhun Bayramovun imzaladığı qərara əsasən, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilib. Qərarla qaydanın adı dəyişdirilərək məktəbdaxili qiymətləndirmə adlanıb.
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nda bir sıra dəyişikliklər də olunub. Yeni qaydada öz əksini tapan məqamlar arasında ümumtəhsil müəssisələrində summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər də var. Nazirliyin açıqladığı qərar tam anlaşılan olmadığından Sputnik Azərbaycan bu dəyişikliklərin nələrdən ibarət olduğunu araşdırıb.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva Sputnik Azərbaycan-a bildirib ki, ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının, yəni qiymətləndirilməsinin aparılması qaydaları Təhsil Nazirliyi Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilib: “Lakin ötən müddət ərzində, 2019-cu ilin mart ayında Təhsil haqqında qanun qəbul olundu. Həmin qanunda şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi qaydası nəzərdə tutuldu. “Ümumi Təhsil Haqqında” qanunda nəzərdə tutulan bu müddəa məktəbdaxili qiymətləndirilmənin aparılması qaydalarına yenidən baxılması zərurəti yaratdı. Həmin qaydalara yenidən baxılarkən ötən dövr ərzində Təhsil Nazirliyinə daxil olan müraciətlər də nəzərə alındı.
Nazirliyə belə müraciətlər daxil olurdu ki, bəzən valideyn və şagirdlər aparılmış qiymətləndirmənin nəticəsindən narazı olurdular və bununla bağlı prosedurların necə tənzimlənməsi qanunvericilik aktlarında nəzərdə tutulmadığından müəyyən çətinliklərlə üzləşilirdi. Bu səbəbdən də yeni qaydalara edilən dəyişikliklərdə bu prosedurun tənzimlənməsi nəzərdə tutuldu. Belə ki, valideyn və şagird aparılan summativ qiymətləndirmənin nəticəsindən və yaxud illik qiymətləndirmənin hesablanmasından narazıdırsa, bu zaman şagirdin təhsil aldığı məktəbin rəhbərinə rəsmi müraciət edir. 30 gün ərzində o müraciətə baxılır. Əgər summativ qiymətləndirmənin aparılması prosesində və ya hesablanmasında hər hansı nöqsan aşkarlanarsa, qiymətləndirmənin nəticələri yenidən hesablanır. Yox, əgər sualların tərtibatında hər hansı nöqsan üzə çıxırsa, bu zaman şagirdlərlə yenidən qiymətləndirilmənin aparılması nəzərdə tutulur.
Əgər valideynin və şagirdin iddiası əsasında hər hansı nöqsan aşkarlanmırsa, bu barədə onlara yazılı cavab verilir. Valideyn və şagird məktəbdə aparılmış yenidən qiymətləndirmənin nəticəsindən narazı olarlarsa, həmin məktəbin tabe olduğu təhsil idarəetmə orqanına və Təhsil Nazirliyinə yazılı müraciət edə bilərlər”.
Qeyd edək ki, yeni qərarda göstərilir ki, attestasiya məktəbdaxili qiymətləndirmə aparılması qaydasını tənzimləyəcək. Sənəd həm də “Ümumi təhsil haqqında” qanuna uyğunlaşdırılıb. Qanunun 14.2-ci maddəsi təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədini daşıyır. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi qaydada təhsilalanların məktəbdaxili qiymətləndirməsi təşkil edilir. Qaydanın 2.1-ci bəndindən “o cümlədən, maraq və motivasiyasının” sözləri çıxarılıb. 2.1-ci bənddə yazılırdı ki, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Yeni qərarla həmçinin sənədin 4.21-ci bəndi ləğv edilib. Həmin bənd summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətləri ilə bağlı idi.
Bildirilirdi ki, həmin müraciətlərə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Bununla yanaşı, qeyd olunurdu ki, yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılır. C.Bayramovun imzaladığı yeni qərarla isə bu bənd ləğv olunub. Yeni qərarla Qaydaya 6-cı hissə əlavə olunub. Əlavə - qiymətləndirmənin nəticələrinə yenidən baxılması ilə əlaqədardır. Əlavənin 1-ci bəndi summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri ilə əlaqədardır. Belə ki, onlar 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.
2-ci bənd isə şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən hansı qərarlar veriləcəyini özündə əks etdirir. Əgər şikayətlər təsdiqini taparsa, qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir. Qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil olunur.
Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada aparılır. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana bu barədə əsaslandırılmış cavab göndərilir. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayanların müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Təhsil Nazirliyi tərəfindən baxılır. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda bu Qaydanın müvafiq tədbirlərinin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, bu barədə əsaslandırılmış cavab göndərilir.