Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 fevral — Sputnik. Dekorasiya üçün istifadə edilən materiallar çox zaman təəccüb doğurur. Çünki adət etdiyimiz daş, ağac, gips, yun və s.-dən hazırlanan bəzəklərin içində qabaq görəndə istər-istəməz "uşaqda fərasətə bax!" fikirləşirik. Belə fərasətlilərdən biri Qəbələ rayon sakini Toğrul Umudovdur. O, Çindən gətirilən su qabağından müxtəlif əşyalar düzəldir.
Sputnik Azərbaycan-ın həmsöhbəti artıq üç ildir ki, bu işlə məşğuldur. İxtisasca iqtisadçı olan T.Umudov bizə bu işə necə başlamasından danışır: "Özümü bir neçə əl işində sınamaq istəmişdim. Su qabağı haqda ilk məlumatla tanış olanda düşündüm ki, bu iş tam mənə görədir. Davamlı olaraq Türkiyədə bu işlə məşğul olan şəxslərin əl işlərini axtarıb tapır, müəyyən məlumatlar alırdım. Azərbaycanda olmasa da, Türkiyədə su qabağından dekorasiyalar geniş yayılmışdı. Düşündüm ki, Azərbaycanda da bu ilkə mən imza atım. Beləcə, bu sənətlə məşğul olmaq üçün müəyyən məlumatlar topladım, toxumunu axtardım, tapdım".
Lazım olan alətləri də aldıqdan sonra əl işləri yaratmağa başlayıb. T.Umudov bizi bu bitki növü ilə tanış edir: "Su qabağı Afrika və Cənub-Şərqi Asiya mənşəli bitki növüdür. O, təzə yetişəndə bişirərək yemək də mümkündür. Lakin müəyyən zaman keçdikdən sonra bərkiyir və taxta kimi olur, içində isə yalnız toxumları qalır".
"Martın sonu, apreldə əkilən toxum oktyabr-noyabr aylarında dərilməyə hazır olur. Daha sonra isə onun qurudulması prosesi başlayır. Su qabağının qurudulmasına təxminən 2 ay zaman sərf edilir. Tam quruduqdan sonra dolğulanır və dekorativ işləmələrə başlanılır", - deyə həmsöhbətimiz əlavə edib.
Daha sonra isə sifariş verilən rəsmin eskizi hazırlanır və onun üzərinə yapışdırılır. Eskiz qoparıldıqdan sonra yapışan hissəciklər rənglənir, beləcə, müxtəlif dekorasiya və rəsmlər ərsəyə gəlir. Daha sonra isə daxilinə işığın yerləşdirilməsi üçün üst qatında müəyyən deşiklər açılır.
"Bir neçə il öncə su qabağının toxumlarını Çindən gətirirdim, 5-7 ədədinə görə 2 dollar xərcləyirdim. Lakin artıq Çindən toxum gətirməyimə ehtiyac yoxdur, özüm onun yetişdirilməsi ilə məşğulam, bir ovuc toxumla bir illik tələbatı qarşılaya bilirəm. Hazırda həyətimdə 100-ə yaxın su qabağı var, yerli iqlimə, torpağa uyğunlaşır, məhsuldarlığı da yaxşıdır. Su qabağının xüsusi baxıma ehtiyacı yoxdur", - deyə həmsöhbətimiz əlavə edib.
3-cü qrup fiziki məhdudiyyətə görə pensiya alan T.Umudov deyir ki, dekorativ nümunələrin oturacağı üçün müxtəlif yerli ağac növlərindən istifadə edir.
"Bir işin ərsəyə gəlməsi 8-10 saatadək vaxt apara bilər. Fantaziya, zövqdən asılı olaraq istənilən dizaynda fərqli nümunələr yaratmaq mümkündür. Çalışıram ki, boyama zamanı su qabağının özünün təbii rəngini saxlayım. Daha sonra isə su qabağını müxtəlif hissələrdən deşirəm və içinə işıq yerləşdirirəm ki, gözəl dekorasiya alınsın", - deyə o bildirir.
Onun üçün bu iş hələ ki, qazanc gətirən bir peşə deyil, sadəcə hobbidir. Həmsöhbətimiz yalnız həftə sonlarında bu işə zaman ayırır. Bu günədək 60-a yaxın belə dekorativ nümunə yaradan sənətkar onlardan yalnız 30-nu sata bilib: "Bu nümunələrin qiyməti satdığım adama, sərf etdiyim zamana, əziyyətimə görə müəyyənləşir. Amma qiymətlər çox münasibdir, 20-100 manat təşkil edir".
T.Umudov deyir ki, daha çox özəl sifarişlər əldə edir: "Özəl sifarişlər daha çox olur. Sevgilisinə kreativ bir hədiyyə vermək istəyənlər mənə üz tuturlar".
İlk sərgiyə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəsi ilə qatılan Toğrul Umudovun ən böyük rəğbətlə qarşılanan əsəri isə Məhəmməd Əmin Rəsulzadənin rəsmi olduğu su qabağıdır: "Rəsulzadənin şəxsiyyətinə hörmət, cümhuriyyət dəyərlərinə olan sevgimdən dolayı belə bir dekorasiya yaratdım. Bu su qabağının bir tərəfində Mustafa Kamal Atatürkü, digər tərəfində isə Məhəmməd Əmin Rəsulzadəni təsvir etmişəm".