BAKI, 21 fevral — Sputnik. "Sahə həkimi" anlayışı "ailə həkimi" anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir. R.Bayramlı qeyd edib ki, TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək: "Bu sahədə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi işləri sürətləndirilib. "Ailə həkimi institutu" anlayışını ölkəmizdə daha yüksək mərhələyə çatdırmaq üçün Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və layihələr işlənib hazırlanır. Hətta ailə həkimliyi ixtisası üzrə xüsusi təlim mərkəzləri yaradılacaq və mövcud sahə həkimləri ailə həkimi kimi tam formalaşdırılacaq".