CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Allahın adasından işıq saçan daş qüllə – Qayalar üzərində yaradılan tarix

© Sputnik / Irade JELILPirallahı mayakı
Pirallahı mayakı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisində 10 mayak var və Pirallahı mayakı Abşeron yarımadasının ən böyük mayakı hesab edilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Pirallahı adası “Koroğlu” metrostansiyasından təqribən 40 kilometr aralıda yerləşir. Ada hər tərəfdən dənizlə əhatə olunmasına baxmayaraq, cəmi bir neçə il əvvəl darıxdırıcı, cansıxıcı təsir bağışlayırdı. Pirallahı qarmaqarışıq yolları, neft qoxusu və bir də kədərli insan simaları ilə vahimə doğururdu.

Amma artıq köhnə ada tədricən dəyişir. Bu gün Pirallahı elə girişdəcə insanın üzünü güldürür. Adanı əsas hissə ilə müasir körpü birləşdirir. Dağılmış yollar, köhnə binalar təmir etdirilib. Qəsəbədə insanların dincəlməsi üçün bir neçə gözəl park yaradılıb. Digər tərəfdən, adada yaşayan insanların işsizlik problemi də yoluna qoyulur. Pirallahıda bir neçə sənaye müəssisəsi yaradılıb.

Dəyişənlər arasında Pirallahı mayakı da var. Öncə bildirək ki, mayak Gürgən qəsəbəsində yerləşir. Qəsəbə 2014-cü ildə Pirallahı rayonunun inzibati ərazisinə daxil edilib.

Qeyd edək ki, Azərbaycan ərazisində 10 mayak var və Pirallahı mayakı Abşeron yarımadasının ən böyük mayakı hesab edilir. Mayaklar hələ qədim dövrlərdən gəmilərə yol göstərmək üçün sahillərdə tikilib. Dünyada olan bütün mayakların forması demək olar ki, bənzərdir. Hamısı qüllə formasındadır.

Pirallahı mayakının nə az, nə çox 160 yaşı var. Pirallahı mayakı 1859-cu ildə inşa edilib və 1860-cı ilin oktyabr ayında istifadəyə verilib.

© Sputnik / Irade JELILPirallahı mayakı
Allahın adasından işıq saçan daş qüllə – Qayalar üzərində yaradılan tarix - Sputnik Azərbaycan
Pirallahı mayakı

Mayakın yanından Pirallahı adası ovuc içi kimi görünür. Dəniz, yeni salınan körpü, təmir edilmiş yollar, salınmış yeni yaşayış məntəqələri bir daha hiss etdirir ki, rayon inkişaf edir.

Mayaka aparan yol yaşıllıqla əhatə olunub. Mayak həm uzun illərdən bəri təmir edilmədiyi, həm də son dövrlərdə xarici qonaqların diqqətini çəkdiyi üçün təmir edilir.

Mayakın ətrafında daima külək olur. Ətraf qayalıqlardan ibarətdir. Mayaka qalxmaq istəsək də, içəridə bərpa işləri ilə məşğul olan ustalar bunun təhlükəli ola biləcəyini dedilər.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, mayak 25 metr hündürlüyündə daş qüllədən ibarətdir. Mayakın pəncərələri lövbər, qapısı isə tağ şəkildə tikilib: "Qülləyə qalxmaq üçün 102 dolanbac pilləkənlərdən keçmək lazımdır. Mayakın əks etdirdiyi işıq gəmilərin 38 kilometrdən Abşeron boğazına daxil olmasını təmin edir".

© Sputnik / Irade JELILPirallahı mayakı
Allahın adasından işıq saçan daş qüllə – Qayalar üzərində yaradılan tarix - Sputnik Azərbaycan
Pirallahı mayakı

F.Nəsibov bildirir ki, əvvəllər mayak kerosin lampası ilə işıqlandırılırmış. Sonralar kerosin-damla qurğusu ilə təmin edilsə də, 1956-cı ildən elektrik enerjisi ilə işıqlandırılır. Mayakın işıq yayan şüşələri hələ o dövrlərdə Fransadan gətirilibmiş.

Bir neçə ildən sonra yeni yaşayış məntəqələrinin üzərində Pirallahı mayakı yenə işıq saçacaq.Hazırda mayak 500 vatlıq elektrik lampası ilə işıqlandırılır. Düzdür mayak ətrafında hazırda yaşayış məntəqələri yoxdur. Ancaq Pirallahı Rayon İcra Hakimiyyətinin məlumatlarına görə, yaxın zamanlarda bu ərazilərdə yaşayış məntəqələri salınacaq. Ərazidə 707 yaşayış binasının tikilməsi planlaşdırılır.

Xəbər lenti
0