Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə Azərbaycanda 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb.
Bir orta statistik Azərbaycan vətəndaşı ildə 1603 kilovat/saat elektrik enerjisi istehlak edir. Respublikamız Beynəlxalq Energetika Agentliyinin (IEA) reytinqində 83-cü yeri tutur.
2019-cu ilin mayında əhali üçün elektrik enerjisinin istehlakına tətbiq edilən güzəşt limiti ayda 250 kilovatdan 300 kVt/saata qaldırılıb.
1 kVt/saat elektrik enerjisinin pərakəndə qiyməti aylıq istehlak həcmi 300 kVt/saatı keçməyən əhali kateqoriyasından olan abonentlər üçün 7 qəpik, bu limitdən artıq enerji istehlak edənlər üçünsə 11 qəpik təşkil edir.
Beynəlxalq Energetika Agentliyinin reytinqinə görə, İslandiya adambaşına düşən elektrik enerjisi istehlakına görə liderdir (adambaşına 51 min kVt/s-dan çox). Sonrakı yerləri Norveç (25,2 min kVt/s) və Küveyt (18,3 min kVt/s) tutur. Ən az elektrik Haitidə istehlak edilir (24,4 kVt/s) – İslandiyadan 20 min dəfə az.
Azərbaycan postsovet ölkələrində adambaşına düşən elektrik enerjisi istehlakının reytinqinə görə axırdan üçüncü yeri tutur. Dünya və Azərbaycanda elektrik enerjisi istehlakı ilə bağlı daha dolğun məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.