İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 fevral — Sputnik. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Ziyarətlərdən sonra tədbir agentlikdə davam etdirilib. AAYDA–nın idarə heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurlarından danışdı.
O qeyd etdi ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədilə son 3 il ərzində ümumi uzunluğu 4000 kilometrə yaxın yol tikilərək təhvil verilib.
Həmçinin 100-dən çox körpü, 50-yə yaxın yol keçidləri tikilib və təhvil verilib.
"Keçən il Azərbaycanın ən ucqar bölgələrindən olan Lerik, Yardımlı, Gədəbəy, Qax və Balakəndə çəkilən yolların nəticəsi olaraq, bu gün Azərbaycan dövlətinin iqtisadiyyatında 2,4 faiz irəliləyiş olub", - deyə S.Məmmədov əlavə edib.
Təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla, ümumilikdə 50-dən artıq yol infrastrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Sonda Saleh Məmmədov 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən mükafatlandırılan şəxsləri təbrik edib.
Tədbirdə 22 fevral Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə bir sıra media orqanları da mükafatlandırılıb.
Onlar arasında Sputnik Azərbaycan da var.