BAKI, 21 fevral — Sputnik. Xalq artisti Miri Yusif pərəstişkarlarını yeni layihələrlə sevindirməyə davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, fevral ayı ərzində müğənni bir neçə yenilikləriylə diqqət mərkəzində olmağı bacarıb. Pərəstişkarlarına həsr etdiyi "Ruh əkizləri" klipi ilk, Xalq artisti Röya ilə növbəti duetin əsasını qoyan "Sevgilim" isə təqdim olunan 2-ci klipi oldu.
Rəqəmlərin sirrli oyunu kimi görünən iki tarix isə özəlliklə seçildi. Bu, 02.02.2020-ci il tarixində milli şou-biznesdə ilk dəfə fanatlarla görüş formatında keçirilən konsert və 20.02.2020 tarixində Miri Yusifin "YouTube" kanalında təqdim olunan "20 böyük hit" adlı karaoke albomdur. "SS production" tərəfindən yayımlanan albomda müğənnini tanıdan və sevdirən 20 böyük hit yer alır. 20 fevral tarixindən başlayaraq, 20 gün ərzində albomdakı mahnılar hər gün saat 20:00-da bir-bir yayımlanacaq.
Artıq karaoke albom sənətçinin "ruh əkizlərini" nəinki sevimli mahnılarını oxumağa, eyni zamanda, Miri Yusifin elan etdiyi müsabiqədə daha həvəslə iştirak etməyə sövq edəcəkdir.
Xatırladaq ki, müsabiqəyə qatılmaq üçün Miri Yusifin sevilən mahnılarından birini oxumaqla video çəkib #mycrystalhall həştəqi ilə paylaşmaq tələb olunur. Ən fərqli videoların müəlliflərini isə həm 24 may "Crystal Hall"da keçiriləcək konsertə biletlər, həm də konsert zamanı yaddaqalan sürprizlər gözləyir.