BAKI, 21 fevral — Sputnik. Azərbaycanın beş rayonda, Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi rayonlarının bir hissəsində, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda bazar əsaslı kənd inkişafı pilot layihələrinin reallaşdırılması, yerli və təbii qida məhsulları istehsalı ilə məşğul olan kooperativlər yaradılacaq.
Bu barədə bu gün Sputnik Multimedia Mətbuat Mərkəzində Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin (APPU) həyata keçirdiyi -"COVCHEG: Azərbaycanda Böyük Qafqaz dağları bölgəsində icma əsaslı Dəyiş Zəncirinin İnkişafı" proqramına həsr olunmuş tədbirdə məlumat verilib.
Tədbirdə APUU-nun layihə rəhbəri Fuad Bağırov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Aqrar Tədarük və Təchizat ASC Keyfiyyət və istehsal proseslərinə nəzarət departamentinin direktor müavini Vahid Məmmədov, biomüxtəliflik üzrə mütəxəssis Əlheydər Məmmədov və jurnalistlər iştirak ediblər.
F.Bağırov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ölkəmizdə bir sıra yerli və təbii kənd təsərrüfatı məhsullarının istehsalı unudulmaq üzrədir. Onların yerini isə xarici ölkələrdən gətirilmiş məhsullar tutur. F.Bağırov bildirib ki, layihənin icrasında məqsəd müxtəlif bölgələrimizdə unudulmaq üzrə olan yerli və təbii kənd təsərrüfatı məhsulları növlərini üzə çıxartmaq, onların istehsalını genişləndirməkdir: "Kənd təsərrüfatı sahəsində elə yerli məhsul növləri var ki, onlar öz adı, dadı ilə uzun illər alıcıların rəğbətini qazanıb. Amma bu gün bazarda həmin məhsulları tapmaq müşkülə çevrilib. Bəzən isə həmin məhsulların adı altında xaricdən gətirilən məhsullar satılır. Beləcə alıcılarda həmin məhsulun yerli təbii məhsul olmasına şübhə yaranır. Biz istəyirik ki, bu layihə çərçivəsində ağız dadımıza uyğun, uzun illər istifadə etdiyimiz təbii və yerli məhsulların istehsalı ilə məşğul olan kooperativlər yaradaq. Hansı ki, onların istehsal etdikləri yerli və təbii məhsulların keyfiyyətinə tam zəmanət veriləcək. Həmin kooperativlər istehsal etdikləri məhsulları satışa çıxartdıqda, artıq alıcı əmin olacaq ki, o, təbii yerli məhsuldur. Bu itməkdə olan yerli kənd təsərrüfatı məhsulları növlərinin yenidən istehsalının artmasına, alıcıların ekoloji təbii qidalardan istifadə etməsinə zəmin yaradacaq".
AİB sədri Eyyub Hüseynov isə bu layihənin istehlakçılar üçün müsbət təsiri olacağını söyləyib. E.Hüseynov deyib ki, yerli və təbii qida məhsullarının istehsalı azaldıqca bazarda onların yerini genetik modifikasiya olunmuş xarici məhsullar tutur: "Həmin növlər çox məhsul verdiyi üçün istehsalçılar da həmin növləri əkib satmağa üstünlük verirlər. Bu isə öz yerli və təbii kənd təsərrüfatı növ və cinslərimizin unudulmasına gətirib çıxardır. Əgər yerlərdə yaradılacaq kooperativlər vasitəsilə öz təbii və yerli növ kənd təsərrüfatı məhsulları istehsal edilərsə, bu öncə əhalinin sağlam qidalanmasına müsbət təsir edəcək".
Daha sonra Vahid Məmmədov ölkəmizdə kənddə istehsal olunan ekoloji təmiz məhsulların şəhərə gətirilməsinin təmin edildiyini bildirib. O, "Kənddən-şəhərə" layihəsinin uğurla icra edildiyini, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının paytaxtda satıldığını, yarmarkasının təşkil edildiyini vurğulayıb.
Əlheydər Məmmədov isə öz yerli və təbii növ kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, əhalinin də bu istiqamətdə maarifləndirilməsi vacibdir. Çünki, öz yerli və təbii məhsul növlərimiz orqanizmimiz üçün daha xeyirlidir. Tədbirin sonunda Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyi (APPU) və Azərbaycan Azad İstehlakçılar Birliyi (ICU) arasında Əməkdaşlıq Sazişi imzalanıb.