Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Bu günlərdə qanunsuz fəaliyyət göstərən avtovağzal rəhbərlərinə sərt xəbərdarlıq edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib ki, rayonlarda fəaliyyət göstərən bəzi avtovağzallar qanunsuz işləyir. Onun sözlərinə görə, həmin avtovağzalları işlədən şəxslər avtovağzallarla bağlı əsasnamənin tələblərini kobud şəkildə pozurlar. Rəis müavini qeyd edib ki, ölkə ərazisində ümumilikdə 56 avtovağzal var. Onlardan 16-sı pasportlaşma işlərini həyata keçirmədiyi üçün fəaliyyətləri qanunsuz hesab edilir. Qeyd edək ki, qanunsuz fəaliyyət göstərənlər Gəncə şəhəri ilə yanaşı, Naftalan, Astara, Yevlax və daha 12 rayonda olan avtovağzallardır.
İbrahim Əliyev bildirib ki, qanunsuz hərəkətlərin qarşısı alınacaq və məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işçi qrupu yaradılıb və regionlara ezam ediliblər. Tələblərə cavab verməyən avtovağzallar barəsində tədbir görüləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a bildirib ki, ölkədə avtovağzal və avtostansiyaların sayı 56 ədəddir. Onların fəaliyyəti "Avtovağzal və avtostansiya haqqında" əsasnaməyə uyğun tənzimlənir. Əsasnamə özü də "Avtomobil nəqliyyatı haqqında" qanunla nizamlanıb. N.Allahyarova bildirib ki, avtovağzal yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulan, 75-dən çox sərnişin tutumu, bilet kassası olan, baqajların saxlanma kameraları, polis məntəqələri olan, xidmət otaqları, sürücülərin dincəlməsi üçün şəraiti olan, perronları, meydançası, taksilərin dayanması üçün sahəsi olan kompleksdir. Avtostansiya isə qismən məhdud ola bilər. Orada ən azı bir xidmət otağı, bilet kassası, sərnişinlərin minib-düşməsi üçün perron olması yetərlidir".
DANX səlahiyyətlisi deyir ki, avtovağzal və avtostansiyalara pasportların verilməsi DANX tərəfindən həyata keçirilir: "Hüquqi şəxslər müraciət etdikdə onlara pasportlar təqdim edilir. Pasportlar təqdim olunduqdan sonra avtovağzalların xarakteristikasında dəyişikliklər ola bilər. Tutaq ki, xidmət sferası dəyişə, əlavə perronu ola bilər. Bu zaman həmin hüquqi şəxslər pasportların yenilənməsi üçün təkrar müraciət etməlidirlər".
N.Allahyarova bildirir ki, avtovağzallara pasportlar kriteriya və kateqoriyaya görə verilir:
"1, 2 və 3-cü kateqoriya var. 16 avtovağzala pasport təqdim edilməyib. Onlardan artıq 10-da bu istiqamətdə iş aparılır. Altısına isə cərimələrin ediləcəyi barədə xəbərdarlıq edilib. Amma bu o demək deyil ki, onlar qanunsuzdur, fəaliyyətinə xitam veriləcək. Onlara sadəcə xəbərdarlıq məqsədilə bildirişlər göndərilib. Yaxın zamanlarda həmin çatışmazlıqların həllini gözləyirik.
Ancaq elə avtostansiyalar da var ki, sahibkar hansısa bir obyekt inşa edir, otel tikir, birinci mərtəbəsini də avtovağzal kimi istifadəyə verir. Bizim əməkdaşlarımız baxış keçirərkən görürlər ki, həmin obyekt avtovağzal kimi istifadə olunması üçün meyara malik deyil. Sadəcə avtobusun daxil olub, çıxması üçün meydança təklif edir. Nə bilet satışı həyata keçirən kassası var, nə də gözləmə zalı. Bu cür məkanları avtovağzal elan edirlər. Naftalanda da sahibkar otelin birinci mərtəbəsini avtostansiya kimi istifadə edir. Onun fəaliyyətinə tərəfimizdən xitam veriləcək. Amma elə avtovağzallar var ki, pasportlaşmalıdır".