SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK daha bir maraqlı məqama aydınlıq gətirib

© Photo : REPORTRövzət Qasımov
Rövzət Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Rövzət Qasımov deyib ki, şikayətlərin müəyyən qismi aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib.

BAKI, 19 fevral - Sputnik. “Əgər deputatlığa namizədlər Dairə Seçki Komissiyasının qərarından şikayəti poçta müddət ötürülməklə verməyiblərsə, həmin namizədlərin şikayətinə bütün hallarda baxılacaq”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

Qasımov deyib ki, şikayətlərin müəyyən qismi aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib: “Həmin şikayətlərə baxılması DSK-ların səlahiyyətində idi. Biz də həmin şikayətləri DSK-lara geri göndərdik. Əlbəttə, burada vaxt itkisi olur. Amma DSK-lar həmin şikayətlərə baxır. Çünki məntəqə seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlərə DSK baxmalıdır. Buna görə də məntəqə seçki komissiyalarının fəaliyyəti ilə bağlı MSK-ya göndərilən şikayətləri DSK-lara göndərməliyik. DSK bu şikayətlə bağlı hər hansı qərar verdikdə, şikayətçi bununla razı olmursa, həmin qərardan MSK-ya şikayət verə bilər. MSK da DSK-nın qərarına baxır və müvafiq qərar çıxarır. DSK-ların qərarından MSK-ya şikayət müddətinə gəlincə, bəzən şikayət MSK-ya daxil olur, MSK şikayəti DSK-ya göndərir, DSK yenə müvafiq müddətdə qərar verir, yenə deputatlığa namizəd müvafiq müddətdə MSK-ya DSK-nın qərarından şikayət verir. Məqsəd isə odur ki, şikayət vermək istəyən, prosesdən hər hansı formada narazı qalan şəxslərin bütün şikayətlərinə, müraciətlərinə baxılsın, qanunvericiliyin tələblərinə uyğun qərarlar verilsin”.   

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq Dairə Seçki Komissiyasına (DSK) müraciət edə bilər. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Yəni deputatlığa namizədlər şikayətləri normal prosedura uyğun DSK və MSK-ya təqdim edərdilərsə, DSK-ların qərarlarından MSK-ya şikayətin təqdim edilməsi müddəti Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatmalı idi.  

Lakin DSK-ya müraciət etmədən MSK-ya müraciət olunubsa, MSK həmin məsələyə baxılması üçün müraciəti DSK-ya göndərə bilər. DSK 3 gün ərzində şikayətlə bağlı qərar verməlidir. Bu halda deputatlığa namizədin də yenə DSK-nın qərarını aldığı vaxtdan 3 gün ərzində MSK-ya şikayət etmək hüququ var.

Beləliklə, MSK Seçki Məcəlləsinə uyğun olaraq, maksimum 20 gün müddətində müraciətlərlə bağlı qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar isə bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

Xəbər lenti
0