Bir çox mütəxəssisin fikrincə, gələcək nəsillərin sağlamlığı naminə Azərbaycan istehsalçılarını üzvi, ekoloji cəhətdən təmiz məhsulun istehsalı ilə məşğul olmağa həvəsləndirmək lazımdır.
Eyni zamanda üzvi məhsullar yalnız sağlam qidalar deyil, həm də sağlam ətraf mühitdir. Xüsusilə də dünya miqyasında üzvi və ekoloji cəhətdən təmiz geyimlərin istehsalına üstünlük verilir ki, Azərbaycan da bu sahədə böyük potensiala sahibdir. Bununla yanaşı, ölkədə ekoloji cəhətdən zərərli qidaların geniş yayılması bəzən vətəndaşların sağlamlığı baxımından arzuolunmaz nəticələrə gətirib çıxarır və bütövlükdə istehlak bazarına mənfi təsir göstərir.
21 fevral saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil ediləcək mətbuat konfransında ekoloji məhsullara artan tələbatla əlaqədar istehlak bazarındakı tendensiyalar barədə danışacaqlar. Genetik modifikasiya olunmuş xarici və yerli məhsulların daha çox BİO standartına uyğun ekoloji məhsullarla əvəzlənməsinin mümkün olub-olmadığı ilə bağlı suallara cavablar veriləcək.
Bundan əlavə, ənənəvi məhsulların genetik faydaları, kənd təsərrüfatının qarşılaşdığı təhlükələr, bölgəyə yad olan bitkilərin becərilməsi və heyvan növlərinin artırılmasının istehlakçıların sağlamlığına təsiri ilə bağlı məsələlər müzakirə ediləcək.
Tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Heyvanların Mühafizəsi Cəmiyyətinin sədri Azər Qarayev, Kənd Təsərrüfatı Bələdiyyələri Assosiasiyasının sədri Şəmistan Yusifov, İqtisadiyyat Nazirliyinin (regional inkişaf şöbəsi), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (Coğrafiya İnstitutu) nümayəndələri iştirak edəcəklər.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84 / 85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə