BAKI, 18 fevral — Sputnik. Bu gün günorta saatlarında Şəmkir rayonu Qasımlar kəndi ərazisində yerləşən meşə sahəsindən əl qumbarası və mərmi tapılıb.
Sputnik Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatına istinadla xəbər verir ki, əraziyə agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd F-1 əl qumbarası, 20 ədəd UZRQM partladıcısı və 343 ədəd müxtəlif çaplı patronlar aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.