Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. Polşanın Bakıdakı səfirliyinin konsulluq və Polşa Diaspor şöbəsi Azərbaycan və Türkmənistan vətəndaşları üçün bu ölkədə işləmək, təhsil almaq məqsədi ilə viza müraciətləri üçün qeydiyyatda dəyişikliklər edib. Səfirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, 19.02.2020-ci il tarixindən etibarən, e-konsulat sistemində milli viza ilə bağlı qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün baku.wkp.rejestracja@msz.gov.pl email ünvanına müraciət edə bilərlər.
Göndərilən e-mail müraciətləri aşağıdakı məlumatları əks etdirməlidir:
- ad və soyad
- əlaqə telefonu
- İşləmək məqsədi ilə gedənlər üçün:
İş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz!)
- Təhsil almaq məqsədi ilə gedənlər üçün:
bir əcnəbi vətəndaşın təhsil almasına / təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə)
Məlumatda bildirilib ki, konsulluq və Polşa Diaspor şöbəsi yuxarıdakı meyarlara cavab verməyən yazışmalara baxmayacaq və cavablandırmayacaq.
- bir e-mail bir nəfər üçün (eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq)
Həmçinin, vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu/müraciətlərə cavab verilməyəcək, anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir.
Gün təyin olunduğu haqda e-mail aldıqdan sonra bunları etmək lazımdır:
1. https://secure2.e-konsulat.gov.pl daxil olmaq
2. MENU seçimində "Milli viza – Blankı doldurmaq" seçmək lazımdır
3. Viza müraciətini (anketi) doldurmaq, çap eləmək və imzalamaq.
Konsulluq və Polşa Diaspor şöbəsi bildirir ki, viza müraciətinin qəbul edilməsi və baxılması məsələsində heç bir vasitəçi təşkilat və viza prosedurlarında iştirak etməyən şəxslər ilə əməkdaşlıq etmir.
Qeydiyyat pulsuzdur.
Konsulluq görüşün planlaşdırılan tarixi ilə əlaqəli cavabı gözləyərək anlayışlı və səbirli olmağı xahiş edir. Cavablar, qəbul edilən müraciətlərin sayına və mövcud yerlərə görə ən qısa müddətdə veriləcək.