Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Hamı kimi deyil” – Öz bədənini istədiyi kimi “düzüb-qoşan” gənc

Abunə olmaq
Onun adını bilən çox az adam qalıb. O da özünü təqdim edərkən “Mistik” deyir. Qəhrəmanımız Bakıda yeganə bədən modifikasiyaçılarından biridir. Bunun nə olduğunu bilmək istəyirsinizsə, videomuzu izləyin.

Bəlkə yadınıza düşər. “X-İnsanlar” filmlər silsiləsində “Mistik” adlı qəhrəman var və o, başdan ayağa göydür. Qəhrəmanımızı da göy rəngi sevdiyi üçün məhz belə adlandırırlar.

Onun göy rəngə olan sevgisi bir az həddən artıq görünə bilər. Saçları, kirpik və qaşları göy, gözünün içində göy döymə, bütün bədəni üzrə göy rəngli döymələr. Özü üçün kosmik obraz yaratmaq istəyən qəhrəmanımız əmindir ki, onun bədəni xəyallarına uyğun olmalıdır. Və əgər ağlına yeni bir dəyişiklik gəlirsə, tərəddüd etmədən bunu həyata keçirir.

İndi özü də pirsinq ustası olan Mistik ilk pirsinqini də özü edib. Anasının paltartikən iynəsi ilə alt dodağını özü deşmişdi. O vaxt onun yalnız doqquz yaşı var idi. İlk tatusu isə daha gec, 13 yaşında peyda olub. İndi isə onun haçalanmış dili, köpək dişləri və saysız-hesabsız digər bədən modifikasiyası var. Tatularının sayı o qədər çoxdur ki, onlar artıq bir vəhdət kimi qəbul edilir. Onun arzularından biri bu tatunun bütün bədənini əhatə etməsidir.

Yaşadığı Suraxanı qəsəbəsinin əhli Mistikin görkəminin məhəllənin ab-havasına uyğun olmadığını düşünürdü. Nəticədə, onun dəfələrlə qabırğaları və burnu sındırılıb, avtobuslardan qovulmaq isə onun üçün adi hal almışdı. Bakıda özü üçün potensial görməyən Mistik 15 yaşında ölkəni tərk edib və birdə yalnız 8 ildən sonra qayıdıb.

“Özüm üçün qərara aldım ki, mən vaxtaşırı buraya qayıdacağam. Burada doğmalarım və dostlarım qalıb. Şəhər çox dəyişib. İnsanlara qarşı rəftar da dəyişib. Düzdür, Suraxanıya hələ də yalnız taksi ilə gedib-gəlirəm”, - deyə qəhrəmanımız bizimlə bölüşüb.

Biz əmin deyilik ki, redaksiyamızda kimsə bu cür modifikasiyalar etməyə cürət etsin. Amma düşünürük ki, hər kəsin öz şəxsi seçimi olmalıdır. İnsanlar nə qədər müxtəlif olsa, yaşamaq da bir o qədər maraqlı olar.

Xəbər lenti
0