BAKI, 18 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Mina Hüseynin sevgilisi Bakıda küçənin ortasında ona gözlənilməz təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni sevimli insanın ona belə bir sürpriz hazırlamasından heç şübhələnməyib də. Sevgilisi 14 fevral "Sevgililər Günü"ndə Xaqani bağında (keçmiş Malakan bağı) "Mina, mənimlə evlənərsən?" sözləri yazılmış banner açıb. Sonra isə romantik təbiətinə uyğun olaraq qızın qarşısında diz çöküb və üzüyü ona verib.
Müğənni belə bir sürprizdən çaşqın vəziyyətə düşsə də, həyəcandan "hə" deyib. Müğənninin sevgilisi bu anı əbədiləşdirmək üçün evlilik təklifini kamera önündə edib. Cütlüyün toyu tezliklə baş tutacaq.
Mina Hüseyn musiqiçi ailəsində doğulub və həmişə valideynlərinin yolunu davam etdirmək arzusunda olub. Vaxtilə ona şöhrəti müqavilə bağladığı və onun layihələrinə sponsorluq etmiş ANS telekanalı gətirib. Üç illik fasilədən sonra müğənni yaradıcılığını davam etdirmək və səhnəyə qayıtmaq qərarına gəlib. Hazırda karyerasını uğurla davam etdirir.