“Rəqəmsallaşma bizim gələcəyimizdir”. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.
“Rəqəmsallaşmadan geri qalan şirkətlərin gələcəyi yoxdur. Böyük proqramlar həyata keçiririk və “Petkim”də keçirdiyimiz rəqəmsallaşma artıq dünya səviyyəsində qəbul olundu. “Petkim” 18 ən böyük şirkətin arasına daxil oldu. “Petkim”ə Davos İqtisadi Forumunda böyük ödül verilib, rəqəmsallaşma səviyyəsi ən yüksək şirkətə çevrilib. Böyük sənaye inqilabı prinsiplərində rəqəmsallaşma bizim strateji inkişaf planımızda neft-qazdan sonra 2-ci yerdə dayanır”, - SOCAR-ın prezidenti vurğulayıb.
Qeyd edək ki, əsas payı SOCAR-a məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. Sənaye 4.0 standartı sayəsində “Petkim” Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib. “Global Lighthouse Network” 2018-ci ildə təsis edilib və “gələcəyin fabrikləri” olaraq qəbul edilir, onun 44 üzvü var. “Petkim” “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.