BAKI, 15 fevral — Sputnik. Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.
Daha sonra Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya başlayıb.
Panel-diskusiyada Prezident İlham Əliyev giriş nitqi söyləyib.
Panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır: "Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını".
"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur" – deyə Əliyev vurğulayıb.
Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur: “Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.
Azərbaycan prezidentindən Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanat
“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.