BAKI, 13 fevral — Sputnik. Otuz səkkiz xarici ölkə vətəndaşı saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyərkən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumata əsasən son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin, o cümlədən 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.
Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.