Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı Dilarə Zeynalovanın vəziyyəti ağırdır. Bu barədə Sputnik Azərbaycan-a Dilarə Zeynalovanın anası Elmira Zeynalova məlumat verib. O bildirib ki, qızı iflic olmaq təhlükəsi ilə üz-üzədir: "Qızımın sağ tərəfi işləmir. O, sağ qolunu, sağ ayağını qəti tərpətmir. Hazırda danışa da bilmir. Həkimlər də deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Danışıb-danışmayacağı da sual altındadır. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Həkimlər onun yaşasa belə, ömür boyu yatağa məhkum olacağını söyləyirlər".
E.Zeynalova bildirib ki, qızına 16 bıçaq zərbəsi endirən keçmiş kürəkəni onu ölümlə üz-üzə qoyub. Zərərçəkmişin anası qızını 1 saylı Kliniki Tibbi Mərkəzdən (KTM) özəl xəstəxanaların birinə köçürdüyünü söyləyib: "Qızımın durumu çox ağır idi. Ciyərində qanama vardı. KTM-dan bildirdilər ki, onlarda xəstənin həyatda qalması üçün vacib aparat yoxdur. Ona görə də, onun həyatını xilas etmək üçün özəl xəstəxanalardan birinə köçürdük. Amma həkimlər burada da həyatda qalacağına söz vermirlər".
E.Zeynalova bildirib ki, qızı illərdir ki, keçmiş kürəkəni tərəfindən təhdid edilir: "Qızım onun əlindən qaçıb Naxçıvana getmişdi. Orada müəllim işləyirdi. Bakıya uşağı müayinəyə gətirmişdi. Burada da başına bu hadisə gəldi".
E.Zeynalova bildirib ki, C.Bəhmənovun ailəsi qızının müalicəsi üçün onlara heç bir maddi kömək etmir: "Ceyhun Bəhmənovun anası pul yığır ki, oğlunu psixi xəstə kimi cəzadan azad etsin".
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Zeynalova fevralın 1-də Hüseyn Cavid parkında keçmiş əri Ceyhun Bəhmənov tərəfindən qızının gözü qarşısında bıçaqlanıb.