BAKI, 12 fevral — Sputnik. Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə yandırıb. Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə Azadqaraqoyunlu kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.
O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisə ilə bağlı uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.