BAKI, 11 fevral — Sputnik. Xızıda avtoxuliqanlar saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Xızı Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan "Niva" markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.