BAKI, 11 fevral — Sputnik. Amerika lideri Donald Tramp bəyan edib ki, Rusiya və Çinlə silahlara nəzarət haqqında müqavilə olmadığı təqdirdə, Birləşmiş Ştatlar dünyada "ən güclü" nüvə qüvvələrini yaradacaq. Sputnik Azərbaycan Ağ Evin saytına istinadən xəbər verir ki, Tramp bunu qubernatorlarla baş tutmuş görüş zamanı deyib.
"İndi həm Rusiya, həm də Çin nüvə silahına milyardlarla dollar vəsait xərclənməsini dayandırmaq üçün bizimlə eyni vaxtda danışıqlar aparmaq istəyirlər. Amma belə bir razılaşma olmadığı müddətcə yeganə yol, edə biləcəyim yeganə şey dünyanın ən güclü nüvə qüvvələrini yaratmaqdır", – Tramp deyib.
Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqavilənin qüvvədə olma müddəti 2021-ci ilin əvvəlində başa çatır və ABŞ hələlik bu sazişi uzatmaq niyyətində olub-olmadığını müəyyənləşdirməyib.
Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Moskvanın ilin sonuna qədər bu müqaviləni uzatmağa hazır olduğunu deyib. Lakin prezident qeyd edib ki, Rusiyanın təkliflərinə hələ də cavab yoxdur.
Putin vurğulayıb ki, əgər bu müqavilə olmasa, dünyada silahlanma yarışının qarşısını alan heç bir şey olmayacaq. "Bu, mənim fikrimcə, pisdir", – Prezident bildirib.