Eldar Tanrtıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Azərbaycanda keçirilən parlament seçkilərində ilkin - saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
O, qeyd edib ki, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində seçici fəallığı həmin saatadək 47,81% olub.
F.Orucov səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 2547982 nəfərinin səs verdiyini deyib.
Öz növbəsində seçki məntəqələrinin bağlanmasından sonra Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, seçici aktivliyi 55,65% olub. 236 seçki məntəqəsini əhatə edən "exit-poll"da 10190 nəfər iştirak edib.
Amerikanın "AJF Associates Inc" təşkilatının apardığı "exit-poll"un nəticələrinə görə, hakim "Yeni Azərbaycan" partiyası növbədənkənar seçkilərdə qalib gəlib. Bu partiya Milli Məclisdə 69 deputat yeri qazanıb. İkinci yerdə isə müstəqil seçilən deputatlardır, onların mandat sayı 41-dir.