Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Bu gün növbədənkənar parlament seçkisində Siyəzən rayonunun ən yaşlı nənəsi və əlilliyi olan bəzi şəxslərin səs verməsi üçün Siyəzən rayon 48 saylı seçki dairəsinin nümayəndələri tərəfindən şərait yaradılıb.
Məntəqədən Sputnik Azərbaycan-a 19 şəxsin ailələri tərəfindən ərizəylə onlara müraciət olunduğunu bildiriblər.
Biz də məntəqə nümayəndələri ilə birlikdə Siyəzən rayonunun ən yaşlı seçicisi Abbasova Badam Nurulla qızının yaşadığı evə yollandıq. Badam nənə də öz səsini verib, seçiləcək şəxsə uğurlar arzuladı. Badam nənənin övladları olmadığına görə bir qız uşağını övladlığa götürüb və onun himayəsində yaşayır. Yaşlı seçicinin arzusu isə qəzalı vəziyyətdə olan evinin yaxın zamanda təmir olunmasıdır.
Dörd ildir ki, yerimə qabiliyyətini itirən və bir ayağından əlil olan 1961-ci il təvəllüdlü Quliyev Namiq adlı şəxsin səs verməsi üçün də şərait yaradılıb. O da sərbəst şəkildə seçdiyi, dəstəklədiyi namizədə öz səsini verdi.
Onun da gələcəkdə seçiləcək namizəddən gözləntisi odur ki, Siyəzən rayonunda balıqçılıq sahəsinin inkişafı üçün hansısa təklifləri Milli Məclisdə irəli sürsün və bununla da gələcəkdə işsizliyin qarşısı alınsın.
“Biz siyəzənlilər son illərə qədər balıqçılıqla məşğul olub, ondan gələn gəlirlə ailəmizi saxlamışıq. Son dövrlərdə balıqçılıq ümumiyyətlə yox səviyyəsindədir. Hal-hazırda bir çox şəxslərin şəxsi yaxtaları da var. Üç oğlumun üçü də işsizdir. Heç olmazsa, balıqçılıq üçün şərait yaradılsa, uşaqlar gedib işləyərlər və heç kimə möhtac qalmazlar. Bu həm bizim üçün, həm də dövlətimiz üçün əhəmiyyətli ola bilər", - Siyəzən sakini deyib.