İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Qəbələ rayon 116 saylı seçki dairəsinin məntəqələrində seçki prosesi davam edir. Sputnik Azərbaycan bildirir ki, məntəqələrdə seçkinin şəffaf keçirilməsi üçün dairə seçki komissiyası tərəfindən lazımi şərait yaradılıb. Hal-hazırda aramsız qar yağır, ancaq hava şəraitinin pis olmasına baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər.
116 saylı Qəbələ seçki dairəsi 54 məntəqəni əhatə edir. Seçicilərin ümumi sayı 44244 nəfərdir. 69 nəfər ilk dəfə olaraq səs verəcək. Dairə üzrə 100 yaşdan yuxarı 1 nəfər seçici qeydiyyata alınıb. Prosesdə şəffaflığın təmin edilməsindən ötrü 10 məntəqədə veb-kamera quraşdırılıb və seçici siyahıları tam dəqiqləşdirilib.
Bundan başqa, müxtəlif məntəqələrdə xarici müşahidəçilər, o cümlədən ATƏT-in nümayəndələri seçkinin gedişatını izləyiblər. Saat 12-yə kimi ümumilikdə 14568 nəfər səs vermədə iştirak edib və bu da 32.93 % insanın iştirakı deməkdir.
116 saylı Qəbələ şəhər seçki dairəsi üzrə ümumilikdə 600 muşahidəçi seçki prosesinə nəzarət edir.