BAKI, 9 fevral — Sputnik. Bazar günü səhər saat 8:00-dan etibarən Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb. Seçicilər 1314 namizəddən 125-ni Milli Məclisə seçməlidirlər. Budəfəki parlament seçkilərində Azərbaycanın 5329460 vətəndaşı səs hüququna malikdir.
Sputnik Azərbaycan bildirir ki, soyuq hava şəraitinə rəğmən, respublikada, o cümlədən paytaxtda seçicilərin fəallığı qənaətbəxşdir. Saat 15:00-a MSK-nın açıqladığı məlumata görə, artıq seçicilərin 39.23%-i səs verib.
Səsvermənin gedişini 77790 yerli və 883 beynəlxalq müşahidəçi izləyir.
Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.
Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
Bu, Azərbaycanın yeni tarixində artıq altıncı parlament seçkisidir. İlk parlament seçkisi 1995-ci ildə, sonuncu isə 2015-ci il noyabrın 1-də baş tutub.