BAKI, 9 fevral — Sputnik. "Biz saat 09:00-dan İsraildən olan nümayəndə heyəti ilə məntəqələri gəzdik. Nümayəndə heyətinin tərkibində dörd KİV nümayəndəsi və üç beynəlxalq müşahidəçi var. Onların hamısı səsvermənin gedişi barədə müsbət fikirdədir".
Sputnik Azərbaycan secki-2020.az saytına istinadla xəbər verir ki, bu sözləri seçkiləri müşahidə edən, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib.
İsrailli politoloq qeyd edib ki, səsvermə prosesi şəffaf və demokratik şəraitdə keçib. İnsanlar məntəqələrə gələrək sərbəst şəkildə seçim ediblər. Azərbaycanda keçirilən bu seçkilər demokratiyanın daha bir parlaq təzahürüdür.
"Havanın soyuq olmasına, güclü külək əsməsinə baxmayaraq, insanlar məntəqələrə gəlib, gələcəkdə Azərbaycan parlamentində görmək istədikləri namizədlərə səs veriblər. Azərbaycan hazırda böyük dəyişikliklər yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Bu parlament seçkilərini də bu köklü islahatların məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycanda aparılan islahatlar gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı imkan yaradıb və onların parlamentdə yeni ideyalarla iştirakına stimul verəcək", - deyə Arye Qut vurğulayıb.