Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklar daha "yox" deyə bilməyəcək – Onlara xəbərdarlıq edildi

© Sputnik / Murad OrujovBeynəlxalq Bankın Mətbuat filialı qarşısındakı növbə
Beynəlxalq Bankın Mətbuat filialı qarşısındakı növbə - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Regionlarda insanların iqtisadi və sosial problemlərinin həll edilməsində banklar hansısa çətinlik yaradırsa, bu, son nəticədə məhz elə banklara da zərbə vuracaq. Banklar uzun müddətli strategiya qurmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. "Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Банка с деньгами, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Heç nə itirmirəm” deyib, arxayınlaşmayın – Vəziyyət bir göz qırpımında dəyişə bilər

Ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarında rayon yerlərində əmlakların banklar tərəfindən girov kimi qəbul edilməməsi və problemin həlli yollarından danışıblar.

Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyib ki, banklar çalışırlar, əldə etdikləri girovları sonradan lazım olduqda sata bilsinlər, yəni gəlir əldə etsinlər: "Rayonlardakı obyektlər ilə paytaxtdakı obyektlərə olan tələbat eyni dərəcədə deyil və səbəb budur. Amma dövlət başçısı haqlı olaraq bu məsələdən danışıb. Vətəndaşlar hansı şəhər və rayonda yaşamalarından asılı olmayaraq eyni hüquqlara malikdirlər. Bankların bu cür mövqeyi rayonlarda yaşayan insanların haqlarına təsir edir və bu da iqtisadi və sosial baxımdan müəyyən gərginliyin yaranmasına səbəb olur. Ona görə də düşünürəm ki, dövlət başçısının belə bir mesajı banklar təəfindən düzgün qəbul ediləcək".

"Banklar yalnız öz mənfəəti haqqında yox, ölkənin gələcəyi, sosial-iqtisadi durumu, davamlı inkişafı haqqında da düşünməlidir. Çünki yalnız bu halda bankların davamlı gəlir əldə etmək imkanları olacaq. Regionlarda insanların iqtisadi və sosial problemlərinin həll edilməsində banklar hansısa çətinlik yaradırsa, bu, son nəticədə məhz elə banklara da zərbə vuracaq. Banklar uzun müddətli strategiya qurmalıdır. Banklar bilməlidir ki, regionların sosial-iqtisadi inkişafı onların maliyyə problemlərinin, maliyyə məsələlərinin həll edilməsinə şərait yaradır", - deyə professor qeyd edib.

O bildirib ki, görünür, perspektiv baxımından bankların inkişaf strategiyası yoxdur:

"Bunlar qısa müddət ərzində gəlir əldə etməyə çalışırlar. Bunu aradan qaldırmaq lazımdır. Banklar iki məsələni vahid bir sistem kimi həll etməlidir. Bir tərəfdən, öz gəlirlərini təmin etməli, digər tərəfdən ölkədə maliyyə-iqtisadi şəraitin yaranmasına dəstək verməlidir ki, əhalinin rifahı qalxsın. Əhalinin yaşayış rifahının qalxması da bankların fəaliyyəti üçün imkanlar yaradır. Əgər əhalinin yaşayış rifahı aşağıdırsa, təbii ki, bankın rayon filialı bağlanmalıdır, çünki gəlir əldə edə bilməyəcək. Banklar bu haqda düşünməlidir".

"Bankların fəaliyyətini tənzimləyən müvafiq qurumlar onların inkişaf strategiyasına daha ciddi nəzarət etməlidir. Bu zaman aydın olacaq ki, bank nəyin əsasında öz gələcəyini görür. Banklar eyni zamanda ölkənin strateji inkişaf maraqlarına xidmət etməlidir. Əhalinin yarıdan çoxu regionlarda yaşayır. Banklar rayonlarda hətta Bakıdan da daha əlverişli şərait yaratmalıdır ki, paytaxtda yaşayan iş adamları məhz bölgələrə sərmayə qoymaqda maraqlı olsunlar", - deyə ekspert əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, rayon yerlərində əmlakın likvidliyi nisbətən azdır, yəni banklar üçün əmlakı satmaq çətin olur: "Yerlərdə elə torpaqlar var ki, onu satmaq çox çətin olur və çox vaxt sənədləşmədə problem olur, yəni sənədlər tam qaydasında olmur. İlk səbəb yerlərdə likvidliyin az olmasıdır, yəni əmlakı satmaq ehtimalının az olmasıdır. O baxımdan banklar çox vaxt mərkəzlərdə yerləşən daşınmaz əmlaka üstünlük verirlər. Ümumiyyətlə, banklar qısa müddətli dövrdə istehlak kreditlərinə üstünlük verirlər. Amma banklar iqtisadiyyata birbaşa investisiya yatırmalıdır".

Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kredit “canavarı” geri qayıdır – Başımızın üzərində yenə qara buludlar sıxlaşır

"Müəyyən məhdudiyyət qoyacaqlar. Kreditlərin müəyyən faizi birbaşa iqtisadiyyata, istehsala yönəlməzsə, istehlak kreditləri çox olarsa, banka lisenziya verilməyəcək", - deyə ekspert bildirib.

Qeyd edək ki, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident bildirib ki, bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir: "Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir.

Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyl görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır".

Xəbər lenti
0