CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Qasımov: "Ona müvəqqəti stop qoymuşam" - FOTO

© Sputnik / Kamal AlmuradlıEldar Qasımov müsahibə
Eldar Qasımov müsahibə - Sputnik Azərbaycan
Abunə olmaq
"Məncə, hərə öz üslubunda oxusa, yaxşıdır. Fikrimcə, mənim tərzim emosional popdur. Düşünürəm ki, bu istiqamətdə olsam, özümü daha çox təsdiq etmiş olacam. Özümü biabır etmək istəmirəm. Bu həm də o sahədə oxuyanlara təhqir olar"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. 2011-ci ildə Azərbaycana "Avroviziya" yarışında qələbə qazandıraraq hamını göz yaşlarına boğan, elə həmin il Azərbaycanda ilin adamı seçilən Eldar Qasımov. Onunla müsahibə sanki daşa dirənmişdi. Uzun müddət idi, gah onda, gah da məndə vaxt çatışmazlığına görə ertələnirdi. Nəhayət ki, ümumi razılığa gəlib babasının soyadını daşıyan, özünün dediyi kimi ruhunun dincəldiyi yerdə - Şərifzadə Mərkəzində görüşdük.

- Vaxtı ilə dillər əzbəri olan Eldar Qasımov hazırda hansı işlə məşğuldur?

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- Sosial-ictimai layihələr üzərində işləyirik. Ulu babam Şərifzadə məktəbi bir ildir ki, fəaliyyət göstərir. Burada incəsənətin müxtəlif bölmələri üzrə dərslər keçirik.

- Gününüzün ən böyük hissəsini burada keçirirsiniz?

- Xeyr. Boş vaxtlarımda ruhumun dincəlməsi üçün və tələbələrimlə ünsiyyətdə olmaq üçün həftədə iki dəfə burada oluram. Onlarla çox dincəlirəm. Mənim üçün onlar başqa bir aləmdir.

- Adətən böyük səhnəyə addım-addım gedirlər. Amma sizdə tərsinə, böyük səhnədən başladınız. Yüksəkdə qalmağı bacarırsınız?

- Şərt o deyil, yüksəkdə qalasan. Uşaq ikən çox istəyirdim populyar olum, alqışlasınlar, avtoqraf verim. "Avroviziya" yarışı ərəfəsində Kiyevdə hazırlaşdığımız zaman çoxlu dünya miqyaslı ulduzlarla görüşdük, hətta iş birliyimiz də oldu. Onların konsertlərinin açılış və bağlanışlarını edirdik. Demək olar ki, mütəmadi təmasda olurduq. Onlardan çox şey öyrəndim. Şərt deyil ki, səni tanısınlar. Fərq etməz hansı peşənin sahibisən, əsas odur ki, kefiyyətli iş qoyasan ortaya.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- Sizin ailənizə nəzər saldıqda teatr sənətində müstəsna xidmətləri olmuş Abbas Mirzə Şərifzadə, Firəngiz Şərifova, Mərziyyə Davudovanın adını çəkmək olar. Teatrda sonuncu dəfə nə vaxt olmusunuz? Hansı tamaşanı izləmisiniz?

- Bu yaxınlarda Almaz Mustafayevanın yubiley gecəsində iştirak etmişəm. Ümumiyyətlə isə 3 həftə öncə Opera və Balet Teatrında yeni interpretasiyada Qara Qarayevin "Yeddi gözəl" tamaşasını izləmişəm.

- Müğənnilərə bu sualı ünvanladıqda adətən Opera və Balet Teatrının adını çəkirlər. Digər teatrlar bəs?

- Bizim gözəl aktrisamız Zümrüd Qasımovanın dəvəti ilə "YUĞ" teatrında tamaşaya baxmışam. Akademik Milli Dram Teatrında da olmuşam. Amma məni özünə daha çox Opera və Balet Teatrı çəkir.

- Sonuncu müsahibələrinizdə bildirmisiniz ki, muğamı sevirsiniz, amma heç vaxt risk edib oxumazsınız. Bunu ən çox sevdiyiniz operaya da şamil etmək olar? Ya ürəyinizdən keçir?

- Qətiyyən. Halbuki uşaq olanda yəhudi xorunda klassik əsərlər ifa etmişəm. Deyilənə görə, Culio Kaççininin "Ave Mariya"sını pis oxumurdum. Hətta məndən soruşanda ki haradandır bu mülayim səs səndə, cavab verirdim ki, kürü yeməkdəndir. Badımcan kürüsü (gülür).

Məncə, hərə öz üslubunda oxusa, yaxşıdır. Fikrimcə, mənim tərzim emosional popdur. Düşünürəm ki, bu istiqamətdə olsam, özümü daha çox təsdiq etmiş olacam. Özümü biabır etmək istəmirəm. Bu həm də o sahədə oxuyanlara təhqir olar.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- "Avroviziya" yarışından sonra, yəqin ki, böyük layihələrə dəvət aldınız. Təklifləri necə dəyərləndirirdiniz - məbləğinə görə, yoxsa daha çox digər dividendlərə görə?

- Elə o vaxt da, indi də müxtəlif layihələr var. Maliyyə çox vacibdir. Amma bir artist ki ilk olaraq maliyyəni fikirləşir, deməli, o, ölüdür. Bu, artist yox, biznesmendir. Balaca iş ola bilər ki, mən ondan böyük zövq alım. Böyük beynəlxalq layihələr də olub, imtina etmişəm. Səbəb olaraq maraqlı olmayıb və ya ailəmlə haradasa dincəlmişəm.

- Qərarları özünüz verirsiniz, ya məsləhətləşirsiniz?

- Ailəmlə, komandamla məsləhətləşirəm. Axırda qərarı özüm verirəm.

- "Avroviziya" yarışının finalı zamanı maraqlı hadisə baş vermişdi. Qalib ölkə elan olunduğu zaman Nigar Camal əlində Türkiyə bayrağı ilə səhnəyə qaçdı. Bu, qonşu Türkiyədə çox müzakirə olundu? Bu təsadüf idi, ya öncədən planlaşdırmışdınız?

- Yarışdan öncə Türkiyə təmsilçiləri ilə aramızda bir anlaşma olmuşdu ki, yarımfinal və final mərhələsində masalarımızın üstündə bir-birimizin bayrağı olsun. Həmin il, xatırlayırsınızsa, Türkiyə finala vəsiqə qazanmadı. Məqsədimiz o idi ki, onlar olmasa da, ən azı bayraqları ilə təmsil olunsunlar. Azərbaycan bayraqları isə kreslolara bərkidilmişdi. Çıxartmaq çətin idi. Qalib elan olunan zaman bütün kollektiv sevinc içində idi. Böyük coşqu var idi. Birinci səhnəyə tərəf irəliləyən Nigar oldu. Mən ötənilki qalib Lena Mayerlə öpüşürdüm. Ona görə bir az geri qaldım. Arxamızca bekvokalçılar gəlirdilər. Səhnədə onlardan biri mənə Azərbaycan bayrağını verdi. Bu hadisə çoxlu müzakirəyə səbəb oldu. Buna qədər iki dövlət arasında bayraq krizisi var idi. Xatırlayırsınzsa, Türkiyədə futbol qarşılaşmasında xoşagəlməz hadisə baş vermişdi. Yarışda sonra bizə dedilər ki, sizin bu addımınız iki ölkəni barışdırdı.

- Siyasətlə maraqlanırsınız?

- Siyasətlə elə də yox. Amma gündəmi izləyirəm. Baş verən hadisələrdən xəbərdaram.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- İndi ən çox müzakirə olunan mövzu koronavirusdur. Bu daha çox bəzi insanlara psixoloji təsir edir.

- Koronavirus mövzusu mənə təsir etmir. Daha çox yanımda asqırıb-öskürən vicdansız insanlar təsir edir. Maska taxmırlar.

- Oxuduğunuz janr Azərbaycanda az gəlir gətirir. Əsasən müğənnilərin gəliri toydur. Siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Sadəcə axıra qədər getmək lazımdır. Məndən müğənni dostlar soruşurlar. Necə etmək olar ki, toy mahnıları oxumayaq, amma pul qazana bilək. Mən həmişə atamın dediyi sözləri söyləyirəm. Nə olursa-olsun rəssam rəsm çəkməlidir. Hamı öz istiqamətində getməlidir. Çox acınacaqlıdır hazırda.

- Sizcə, düzələcək?

- Bu bizdən asılıdır. Yeni müğənnilərdən asılıdır. Nə qədər biz çox olsaq, bir o qədər yaxşıdır. Yeni mahnı təqdim edəndə mənim sosial şəbəkədəki hesabıma xoş sözlər yazılır. Təklif olunur ki, bu tip mahnılarım daha çox olsun. Bayağı mahnılara ona görə qulaq asırıq ki, başqa seçimimiz yoxdur. Mən öz tərzimdə musiqi hazırlamağı özümə borc bilirəm. Ona görə də son zamanlar bütün ingilis dilində olan mahnılarımı çalışıram Azərbaycan dilinə çevirim. Çox nadir hallarda insanlar yad dildə mahnı dinləyib zövq ala bilirlər.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- Sosial şəbəkədən danışdınız. İzləyiciniz 25 mindir. Amma elə müğənnilər var ki, onlarda izləyici sayı milyonu ötüb. Bu rəqəmlər sizə təsir edirmi? Elə müğənnilər var ki, bəhsə girirlər.

- Xeyr. Mənim izləyicilərim orqanikdir. Özümündür. Onlara maraqlı olduğum üçün məni izləyirlər. İstəyim odur ki, öz kütləm olsun. Kəmiyyət isə bu gün var, sabah yoxdur. Orta əsrlərdə məgər "Instagram" var idi ki? Və ya Müslüm Maqomayevin, Rəşid Behbudovun sosial şəbəkə hesabı olub ki? Onların bir-birindən fərqi mahnıları ilə olub. Amma indi müğənnilər öz qiymətlərini "Instagram" izləyicilərinin sayına görə verirlər. Biri o birinə deyir ki, səndə 300 mindir, məndə 400 min. Deməli, sən məndən arxadasan.

- Sizə heç belə deyilib?

- Mən bu cür insanlarla bir otaqda da olmuram. İnsanların gözünə baxanda bilirəm, intellekti hansı səviyyədədir. Ona görə də bəziləri ilə salam-sağ ol münasibətidir.

- Buna görə müğənni Damlanı tanımamışdınız?

- Bu bəzi saytlarda səhv təqdim olundu. Mən müsahibədə demişdim ki, Damlanı şəxs kimi tanımıram. Yəni heç vaxt ünsiyyətdə olmamışam. Əyani tanımıram. Amma mahnılarına qulaq asmışam. Kliplərini izləmişəm. Bu mənim işimdir. Əgər bu sənətdəyəmsə, bilməliyəm. Bəziləri var, soruşanda deyir, o kimdir. Hansı ki, Damlanı bütün xalq tanıyır.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- AzTV-də hazırda aparıcısınız. Müğənnilər adətən özlərini başqa profildə sınayırlar. Aktyor, aparıcı və s. Bu ideya sizdə haradan qaynaqlandı?

- Ətraflı deyim. Gecə saat 2 idi. Dostum Ranar Musayev zəng etdi. Bildirdi ki, iclasda sədr Rövşən Məmmədov tərəfindən belə bir ideya verilib. El-Niki əfsanəsinə yenidən nəfəs verək. Amma aparıcı qismində. Təklif olundu ki, "Telesəhər"in şənbə buraxılışını biz aparaq. İlk sualım bu oldu ki, bəs Azərbaycan dilində necə danışacağıq. Bizi inandırmağı bacardılar. Sonra daha çox doğma dilimizdə kitablar oxumağa başlamışam. Ən çox da qəzet materiallarını oxuyuram.

- Nigarda da bu problem var?

- Əlbəttə. O bir həftə buradadır, bir həftə Londonda. O hətta rus dilində də danışmağa çətinlik çəkir. Çox sağ olsun "Telesəhər". Əslində öz dilimizdə səlis danışmaq bizim borcumuzdur.

- Planda nələr var?

- Sözün düzü, ən çox vaxt sərf etdiyim layihə "Telesəhər"dir. Həftədə 2-3 veriliş çəkirik. Ümumilikdə 12 qonaq olur. Onları araşdırıram, müsahibələrini oxuyuram. Redaktorla birlikdə suallar hazırlanır. Bu, böyük zəhmət tələb edir.

- Bəs musiqi ilə bağlı?

- Hələ ki qurban vermişəm. İstəyirəm, aparıcı kimi yaxşı alınsın.

© Sputnik / Kamal Almuradlı"Avroviziya-2011"in qalibi Eldar Qasımov
Eldar Qasımov: Ona müvəqqəti stop qoymuşam - FOTO - Sputnik Azərbaycan
"Avroviziya-2011"in qalibi Eldar Qasımov

- İlişib qalmayacaqsız orada?

- Xeyr. Müğənniliyə müvəqqəti stop qoymuşam. Amma yenə də mahnılar var. Hətta retro mahnılar var ki, onları ifa edəcəm. Oqtay Ağayevin ifa etdiyi "Yadındamı" mahnısı üzərində işləyirəm.

- Eldar bəy, vaxtınızın dar vaxtında müsahibəyə vaxt ayırdığınız üçün minnətdaram.

- Məncə, maraqlı müsahibə alındı. Ona görə də mən təşəkkür edirəm.

Xəbər lenti
0