BAKI, 7 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən şəxslər barədə məlumat yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində hazırda 3 nəfər var: "Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.
Xəstəliyin baş qaldırdığı ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".