56 yaşlı Bakı sakini German Yelikoyev artıq 23 ildir, poçtalyon kimi çalışır və artıq daimi abunəçi bazasını yığa bilib. Hər ayın əvvəlində Nizami küçəsində bir çoxları Germanın yeni jurnal və ya krossvord gətirməsini gözləyir.
“1997-ci ildən qəzet çatdırmaqla məşğul olmuşam. Elə vaxt olub ki, hətta “Tarqovı”da özüm üçün balaca stol qoyub, yeni jurnal satışı ilə məşğul idim. Amma küçə ticarəti ləğv olunandan sonra, jurnal və qəzetləri ayrıca paketlərə qoyub abunəçilərə bir-bir çatdırıram. Məni artıq tanıyan və gözləyənlər də var. Bəzən isə elə olur ki, məni paketlə və ya alıcıya jurnal verərkən görürlər və yaxınlaşıb maraqlanırlar. Belə-belə satışlarım da olur”, - deyə German bizimlə bölüşüb.
Son zamanlarda isə əl ağacı onun işini olduqca çətinləşdirib. Uzunmüddətli xəstəlikdən sonra çanaq-bud oynağında əmələ gələn fəsadlar ucbatından ikinci qrup əlil olub. Amma buna baxmayaraq, ruhdan düşməyib. German bu günə qədər öz çörək pulunu özü qazanmaq imkanındadır.
“İstəklərim o qədər böyük də deyil. Ən əsası cansağlığıdır. Bundan başqa da, yaşadığım evi təmir etmək istərdim. Otağımı təzələmək pis olmazdı. Amma hər şey çox bahadır, hələ ki, yalnız yavaş-yavaş pul yığıram”, - deyə German hekayəsini bitirib.
Qəzet və jurnalları oxuyanların çox az qaldığı və bir də insanların puluna qənaət etdiyi bir vaxtda bu cür işləmək daha da çətinləşsə də, German yenə də ümidlərini itirmir. Uşaqlığın kaskadyor olmaq istəyi isə elə arzu olaraq qalıb. Amma qəhrəmanımızın dediyi kimi, “Nə edək, necə alınırsa, elə də yaşamalıyıq”.