BAKI, 7 fevral — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralın 10-nu gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi, temperaturun 15-18 dərəcə aşağı enəcəyi və yağıntının intensiv olacağı ilə bağlı 07 fevral 2020-ci il tarixli xəbərdarlığı ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Ramin Quluzadə telekommunikasiya, poçt və nəqliyyat xidmətlərinin fasiləsizliyinin və dayanıqlılığının təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi, mal-material ehtiyatlarının yaradılması, qida qurğularının normal işinin təmin edilməsi və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləməsi ilə bağlı nazirliyin bütün qurumlarına göstəriş verib.
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görülməsi tapşırılıb.
Əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.