İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinə hazırlıq səviyyəsinin media nümayəndələrinə nümayiş etdirilməsi məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) inzibati binasına press-tur təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, press-tur çərçivəsində irimiqyaslı fövqəladə hallar zamanı istifadə edilən qərargah avtomobilləri, çevik xilasedicilərin döyüş hazırlığı, Çevik Xilasetmə İdarəsinin motosikletləri və xüsusi təyinatlı xilasetmə avtomobili, təcili tibbi yardım personalı və təcili tibbi yardım avtomobili, minalardan təmizlənmə üzrə çevik qrupun şəxsi heyətinin döyüş hazırlığı və təchizatında olan texniki vasitələr və s. nümayiş etdirilib.
Tədbirdə Çevik Xilasetmə İdarəsinin motoxilasedicilərinin döyüş hazırlığı və motosikletləri, xüsusi təyinatlı xilasetmə avtomobilləri barədə məlumat verilib, kinoloji taborun təlimatçı kinoloqlarının hazırlığı və xüsusi təlim keçmiş itlər nümayiş etdirilib.
Media nümayəndələri kimyəvi zəhərlənmələr zamanı istifadə olunan deqazasiya duş kabinəsi və xüsusi geyimlər barədə də məlumatlandırılıb. Suda batmış şəxsin dalğıclar tərəfindən xilas edilməsi, kimyəvi zəhərlənmələr zamanı şəxsi heyətin deqazasiya edilməsi, alpinist və desantların alpinist qülləsindən enmələri və digər proseslər praktik təlimlərlə göstərilib.
Xüsusi Riskli Xilaetmə Xidmətinin birinci müavini general-mayor Məhərrəm Həsənov jurnalistlərə bildirib ki, Xidmətin əsas fəaliyyəti fövqəladə hallara çevik reaksiya vermək, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli və qəza xilasetmə əməliyyatlarını həyata keçirməkdir. Həmçinin zərərçəkmişlərə ilkin və təxirə salınmaz tibbi yardım etmək, təbii-texnogen və terror hadisələrinə məruz qalmış strateji əhəmiyyətli obyektlərin mühafizəsini təşkil etməkdir. Onun sözlərinə görə, xilasedicilər dağ alpinizm xilasedicilərindən, pirotexniklər, kimyaçılar, desantlar, dalğıclar və kinoloqlardan ibarətdir.
Xatırladaq ki, XRXX 2007-ci ildə yaradılıb. İndiyədək yüzlərlə əhəmiyyətli əməliyyatlarda iştirak edən Azərbaycan xilasediciləri 2010–cu ilin yanvar ayında Şamaxı və Pirallahı yolunda qar uçqunları zamanı xüsusilə fərqləniblər. Xilasedicilər həmin hadisələr zamanı qar altında qalmış avtomobillərdən adamları xilas ediblər. Həmin hadisə ən təhlükəli və riskli əməliyyatlardan hesab edilir.
"Həmin hadisələr zamanı biz 45 nəfərə yaxın insanı qarın altında qalmış avtomobillərdən çıxararaq yaxınlıqdakı isti yerlərə təhvil verdik. Elə həmin il Şirvan və Sabirabad rayonlarında subasma hadisələri baş verdi. Yenə də xidmətimizin əməkdaşları orada 1 ay müddətində xilasetmə və təxliyyə əməliyyatlarını həyata keçirdi", - deyə Məhərrəm Həsənov bildirib.
Xidmətin fəaliyyət tarixində 2011-ci ildə Türkiyənini Van bölgəsində baş vermiş zəlzələ zamanı xilasetmə işlərinin uğurla həyata keçirilməsi əsas yer tutur. Burada Azərbaycanın 120-ə yaxın xilasedicisi xilasetmə əməliyyatlarında iştirak etmişdi.
M.Həsənovun sözlərinə görə, xilasetmə əməliyyatları zamanı azərbaycanlı xilasedicilər 12 nəfəri uçqunların altından sağ-salamat çıxarıblar. 60-a yaxın cəsəd də xilasediclərimiz tərəfindən çıxarılıb.
"Van zəlzələsi zamanı azərbaycanlı kinoloqlar 104 saatdan sonra dağıntılar altında qalmış bir nəfərin həyatını xilas edə bilmişdilər. 108 saat sonra dağıntılar altından xilas edilən son şəxsi də məhz azərbaycanlı xilasedicilər qurtarmışdı", - Həsənov bildirib.
2015-ci ildə "Günəşli" yatağında baş vermiş yanğın zamanı da azərbaycanlı xilasedicilərin fəaliyyəti danılmazdır. Onlar 30 nəfəri yanğının pəncəsindən xilas edə bilmişdilər.
"Həmin hadisə zamanı platformada olanlar təşviş içində qayıqlara dolmuşdular. İlk qrupun olduğu qayıq platformaya çırpılaraq dağılmışdı. İkinci qrupun olduğu qayıq isə platformanın altına sıxışıb qalmışdı. Qayıqda olan 30 nəfər çətin bir əməliyyatla XRXX-nin əməkdaşları tərəfindən xilas edilmişdi", - deyə M.Həsənov vurğulayıb.
2018-ci ildə XRXX-nin xilasediciləri 3 ay müddətində itkin düşmüş alpinistlərin axtarışlarını davam etdiriblər: "Bizim xilasedicilərimiz bir gün də olsa geri çəkilmədi, axtarışları davam etdirdilər. Bu axtarışlar XRXX-nin rəisinin nəzarəti altında həyata keçirilirdi. Sonda 6 metr dərinlikdə qarın altından onların cəsədlərini çıxara bildik".
XRXX-nin peşəkar dalğıclarının son əməliyyatı ötən il "MİQ-29" təyyarəsinin axtarışları zamanı olub. Axtarışlarda Müdafiə Nazirliyi, SOCAR-ın dalğıcları ilə yanaşı, XRXX-nin dalğıcları da iştirak ediblər. Axtarışlar 25 gün ərzində 25-30 metr dərinlikdə aparılıb. Xidmətin 60 metr dərinlikdə üzən dalğıcları təyyarənin qara qutusunu, pilotun cəsədini və onun silahını suyun altından çıxara bilib.
M.Həsənov qeyd edib ki, XRXX yüksək standartlara uyğun maddi-texniki baza ilə təmin edilib.
XRXX-nın rəisi, general-mayor Şahmar Paşayev isə bildirdi ki, sadalanan hadisələr xidmət əməkdaşlarının iştirak etdiyi əməliyyatların 10 faizini təşkil edir: "Xidmətimiz yarandığı gündən nazir Kəmaləddin Heydərov tərəfindən bütün texniki-avadanlıqlarla təmin edilib. Gördüyümüz işlər bu texnikaların sayəsində həyata keçirilib".
Onun sözlərinə görə, XRXX-nın 2300-ə yaxın əməkdaşı var. Xidmət təkcə Bakıda deyil, Gəncə, Mingəçevir, Şəmkir, Sumqayıt, Xaçmaz və Lənkəranda da fəaliyyət göstərir.
XRXX 24 saat fəaliyyət göstərir. Xidmət rəisi hər gün ən azı 15 çağırışın olduğunu, hava şəraitindən asılı olmayaraq, əməkdaşların öz vəzifələrini layiqincə yerinə yetirdiklərini deyib.
Jurnalistlərə FHN tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarını əks etdirən videoçarx da nümayiş etdirilib.