BAKI, 6 fevral — Sputnik. "Boeing 737-800" tipli sərnişin təyyarəsinin İstanbulun Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyərək yolun kənarına yuvarlanmasını əks etdirən görüntülər yayılıb.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və 30 metr məsafədən yerə çırpılıb yolun kənarına yuvarlanaraq 3 yerə parçalanıb.
Hadisə dünən axşam saat 18:19 (Bakı vaxtı ilə 19:19) radələrində baş verib. Təyyarədə 177 sərnişin və 6 ekipaj üzvü olub. Qəöza nəticəsində 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb. Ölənlər Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.
Otuz metr yüksəklikdən yerə çırpılan təyyarə 50-60 metr irəlilədikdən sonra parçalanıb. Təyyarə parçalanandan sonra yanğın başlayıb. Sərnişinlərin bəzisi özü təyyarərdən çıxa bilib. Təyyarədə 22 nəfər əcnəbi olub.
Qeyd edək ki, yaralılardan dördünün vəziyəti orta-ağır, digərlərinin vəziyyəti isə stabildir. Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün Anadolu Baş Prokurorluğunda araşdırma başlanılıb.
Artıq Sabiha Gökçen hava limanında xilasetmə işləri başa çatdırılıb. Təyyarə qəzasında xəsarət alan sərnişinlər və ekipaj üzvləri yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.