BAKI, 6 fevral — Sputnik. Ermənistanın Sünik və Lori vilayətinin 50-yə yaxın sakini bağırsaq infeksiyası ilə xəstəxanalara çatdırılıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb onların yedikləri ekler pirojnaları olub.
"Sünik və Lori vilayətlərindən xəstəxanalara yanvarın 27-dən fevralın 6-dək 49 nəfər bağırsaq infeksiyası simptomları - yüksək temperatur, qarınağrısı və qusma - ilə daxil olub. Bütün pasiyentlər bildiriblər ki, "Zeytun" firmasının eklerlərini yeyiblər", - respublikanın Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir.
Bildirilir ki, xəstəxanalarda hələ də 41 nəfər müalicə alır.
Qida təhlükəsizliyi üzrə dövlət agentliyindən bildiriblər ki, "Zeytun" firmasında yoxlama aparılıb, amma orada sanitar-gigiyenik normaların pozulması faktı aşkarlanmayıb. Ancaq şirkətin qlazurlu ekler istehsalı üçün təhlükəsizlik sertifikatı olmayıb. İstehsalçıya bütün mıəhsulu yığışdıraraq məhv etmək tapşırılıb.